Həkim-infeksionist: Əvvəlcədən vitamin qəbul edilməsi gələcəkdə xəstələnməməyə təminat vermir

Bakı, 7 dekabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyası hava-damcı yolu ilə yayıldığından qış aylarında daha çox arta bilər. Qarşıda soyuq ayların olduğunu nəzərə alsaq, infeksiyanın artımı gözlənilən və proqnozlaşdırılandır. Onun qarşısını almaq üçün görülən tədbirlər ümumi respirator infeksiyalara qarşı aparılan tədbirlərdən ibarətdir. Burada başlıca məsələ hər kəsin öz üzərinə düşən məsuliyyəti dərindən anlamaqdan və ona düzgün riayət etməkdən ibarətdir. İlk növbədə, zərurət olmadığı təqdirdə evdən çıxmamaq lazımdır. Küçəyə çıxmaq xəstəliyə yoluxmağa və başqalarını yoluxdurmağa səbəb ola bilər. Hansısa zərurətdən küçəyə çıxdıqda mütləq maskalardan istifadə edilməlidir. Maskalar da bir neçə kateqoriyaya bölünür. Daha yaxşı olar ki, N95 maskalarından istifadə olunsun. Hazırda əhalinin əksəriyyəti cərrahi maskalardan istifadə edir. Əslində həmin maskaların istifadə müddəti 2 saatdır və onlar cərrahi məqsədlər üçün nəzərə tutulub. Onların qoruyuculuq funksiyası o qədər yüksək deyil. N95 maskasının da istifadə müddəti var. Bəzən ondan günlərlə, həftələrlə istifadə edilməsi əlavə problemlər yaranmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, bunu həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərindən bəhs edərkən deyib.

Həkim-infeksionist qeyd edib ki, ev şəraitində koronavirusdan müalicə olunan xəstə varsa, ailənin digər üzvləri 14 gün müddətində təcrid olunmalıdır: “Xəstənin ailənin sağlam üzvləri ilə təmasına yol verilməməli, ailədə hamı maska taxmalı, ümumi istifadədə olan otaqlar gün ərzində mütəmadi olaraq dezinfeksiya edilməlidir. Evin havası 2-3 saatdan bir dəyişilməli və digər profilaktik tədbirlər görülməlidir. Nə qədər ki, koronavirus infeksiyasına qarşı peyvənd hazırlanmayıb, o həmişə mövcud olacaq. Hazırlanan peyvənd kifayət qədər səmərəli olmasa, onda bu infeksiya ilə birlikdə yaşamaq qaydasına yiyələnməliyik.

Bunu mütləq nəzərə almaq lazımdır ki, bir xəstə üçün tətbiq olunan müalicə vasitəsi digəri üçün əks göstəriş ola bilər və hətta daha ağır nəticələrə aparıb çıxarar. Ona görə də özünümüalicə üsulundan çəkinmək lazımdır. Ev şəraitində müalicə olunan xəstəyə kompleks yanaşılır. Xəstənin rejimi, qidalanması, yaşı nəzərə alınır. Bundan başqa müalicələr xəstənin vəziyyətinə, yaşına, cinsinə, yanaşı xəstəliklərinə uyğun olaraq aparılır. COVID-19-a yoluxanlar arasında ağır gedən patologiyalar şəkərli diabet, autimmun və onkoloji xəstələr, böyrək çatışmazlığından əziyyət çəkənlər, daha çox piylənməsi olanlardır və onların infeksiyaya yoluxması daha ağır nəticələrə səbəb ola bilər. Müalicəyə başlayanda xəstənin vəziyyəti qiymətləndirilməli və bundan sonra müalicələrə başlanılmalıdır. Müalicənin prinsipləri həddindən artıq çoxdur. Onu qeyd etmək istəyirəm ki, bu gün cəmiyyət üçün daha təhlükəsi olan asimptomatik xəstələrdir və onlarda kliniki əlamətlər müşahidə olunmur. Onlar əsasən 20-25 yaşına qədər olanlardır və immunitetləri möhkəm olduğuna görə xəstələnmirlər, lakin virusu yayırlar. Həmin xəstələr ictimaiyyət içinə çıxdıqda təmasda olduğu hər kəsi virus infeksiyasına yoluxdururlar və test verməyənə qədər həmin şəxslərə qarşı heç bir müalicə tətbiq edilmir”.

Onun dediyinə görə, müalicə prosesi zamanı antibiotik və antiviral dərmanların tətbiqinə tələsmək düzgün deyil: “Təəssüf ki, bu gün insanlar saysız-hesabsız antibiotiklər və antiviral dərmanlar qəbul edirlər. Məsələn, vaxtilə qripin müalicəsində tətbiq olunan virus əleyhinə dərmanlardan COVID-in müalicəsində də istifadə edirlər, lakin nəzərə almırlar ki, bu gün COVID-ə təsir edən antiviral preparat yoxdur. Ona görə də özbaşına tətbiq edilən həmin preparatlar əlavə təsirlərə səbəb olur və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.

Dövlət xəstəxanasında müalicə olunanlara verilən dərmanlar həkim müayinəsi aparılmadan təyin edilmir. Evdə müalicə alan xəstələr poliklinikaya müraciət etdikdən sonra onun vəziyyəti qiymətləndirilir, yanaşı xəstəlikləri öyrənilir və buna uyğun olaraq da xəstəyə dərmanlar verilir. Həkim təyinatı olmadan özbaşına qəbul edilən dərmanlar əlavə təsirlərə səbəb olur. Yaxud bəzi xəstələr vitamin komplekslərinə üz tutur, məsələn, D vitamini qəbul edir. Doğrudur, COVID-19 xəstələrində D vitaminin səviyyəsi aşağı düşür, amma əvvəlcədən vitamin qəbul edilməsi onun gələcəkdə xəstələnməməsinə təminat vermir. Gələcək ağırlaşmaların baş verməməsi üçün yenə də mütləq həkimə müraciət edilməlidir”.