Gənclər arasında ölüm halları daha çox bu səbəbdən yaranır

Spirtli içkilərdən dünyada ən çox Avropada istifadə olunur.

e-tibb.az-ın xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa üzrə Regional Ofisi spirtli içkilərin Avropaya təsiri barədə yeni hesabat açıqlayıb. Hesabata əsasən, 2016-cı ildə 291 100 insan spirtli içkilərin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib.

Hesabat Avropa İttifaqının üzvü olan 28 ölkəni, Norveç və İsveçrəni əhatə edir. Avropada bütün ölüm hallarının 5,5 faizinin səbəbinin spirtli içkilər olduğu vurğulanır.

Hesabata görə, yetkinlik yaşına çatmış gənclər arasında ölüm halları daha çox alkoqol qəbulundan və ilk növbədə onunla bağlı ortaya çıxan problemlərdən irəli gəlir.

Bildirilir ki, 20-24 yaşlılar arasında hər 4 ölümdən, ümumən isə hər 19 ölümdən biri spirtli içkilər səbəbindəndir. Mütəxəssislər hesab edir ki, spirtli içkilər qəbul olunmasaydı bu ölümlər baş verməzdi.

Hesabatda o da qeyd olunub ki, Avropada orta hesabla kişilər qadınlardan 4 dəfə artıq spirtli içkilər qəbul edir.

e-tibb.az