"Gənc qızların təhsilinə dəstək" layihəsi iştirakçılarının məzun günü keçirilib

İyunun 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində məzun günü təşkil olunub.
Tədbir 2021-ci ildə ali məktəblərə yüksək balla qəbul olunan “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüdçüləri və “Sən tək deyilsən” layihəsinin iştirakçıları üçün keçirilib. Məqsəd iştirakçıların əzmkarlığını və nailiyyətlərini qeyd etmək olub.
Məzun günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Komitə sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, fond rəhbəri Elnur Nəsibov, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.