Bakı Sağlamlıq Mərkəzində "Müasir Kardiologiya və Ürək-Damar Cərrahiyyəsi: Əməkdaşlıq və Çağırışlar" adlı Elmi-Praktik Konfrans keçirilib

20–21 iyun 2025-ci il tarixlərində Bakı Sağlamlıq Mərkəzində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunmuş “Müasir Kardiologiya və Ürək-Damar Cərrahiyyəsi: Əməkdaşlıq və Çağırışlar” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Konfransın açılışında Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru, dosent Dr. Asiman Həsənov çıxış edərək ürək-damar xəstəliklərinin müasir dövrdə cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. O, bu sahədə elmi əməkdaşlığın, multidissiplinar yanaşmaların və innovativ texnologiyaların inkişafın əsas təməlini təşkil etdiyini qeyd edib.
Tədbir zamanı müasir kardiologiyada və ürək-damar cərrahiyyəsində tətbiq olunan diaqnostika və müalicə metodları, tibbdə innovasiyalar, yeni texnologiyalar və elmi yeniliklər ətrafında geniş müzakirələr aparılıb. Konfrans iştirakçıları – kardioloqlar, ürək-damar cərrahları, tibb sahəsində çalışan digər mütəxəssislər – arasında təcrübə mübadiləsi həyata keçirilib, gələcəkdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Konfrans çərçivəsində 20 iyun tarixində həkim-kardioloq Aytən Hacılı tərəfindən elektrokardioqrafiya (EKQ) üzrə xüsusi kurs təşkil olunub. Kursda tibb sahəsində çalışan həkimlərlə yanaşı Azərbaycan Tibb Universiteti və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də fəal iştirak ediblər. Kurs zamanı interaktiv müzakirələr aparılıb və iştirakçıların ünvanladıqları suallar ətraflı cavablandırılıb.
Tədbir, tibb ictimaiyyəti üçün mühüm bir platforma rolunu oynamaqla, kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində elmi biliklərin paylaşılması və əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.