Fizioterapiya Parkinson xəstəliyində əsas müalicə üsullarından biridir
Bakı, 11 aprel, AZƏRTAC
Təhlükəli xəstəliklər qrupuna aid edilən Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə müşahidə edilir. Xəstəlik özünü daha çox kişilərdə göstərir. İnsan beynində depomin istehsal edən bölmələr var və depomin kifayət qədər olmadıqda Parkinson xəstəliyinin əlaməti görünməyə başlayır. Əvvəllər xəstəliyin ilkin əlamətləri 55-60 yaşdan sonra aşkar olunurdusa, hazırda 40 yaşdan da aşağı olanlarda rast gəlinir və xəstəlik gizlin inkişaf edə bilir.
AZƏRTAC xəbər verir ki, həkim-nevropatoloq Günay Şükürova deyib: “Parkinson xəstəliyinin motor əlamətləri var. Bunlara əsasən əldə birtərəfli titrəmə, sakitik tremoru – xəstə sakit vəziyyətdə olanda əlində titrəmə olsa da, hərəkət zamanı azalır, hərəkətlərin yavaşıması, xırda addımlarla yerimək, gəzərkən dar məsafəli yerlərdən keçərkən donmalar, bədən quruluşunun önə doğru bir qədər əyilməsi müşahidə olunur. Bununla yanaşı xəstələrdə depressiya, panik atak, bədəndə yayılmış ağrılar, qəbizlik, təzyiqin düşməsi və s. xəstəliyin görünməyən əlamətləri də olur və bu, xəstələri çox narahat edir”.
Effektli müalicə həmin əlamətləri hiss edən xəstələrin vaxtında nevropatoloqa müraciəti zamanı mümkündür. Xəstəlik ağırlaşmamış ilkin əlamətlərini aradan qaldıranda istənilən nəticəni əldə etmək olar. Parkinson xəstələrinə fiziki aktiv olmaq məsləhət görülür. Onların bədənində donuqluq olur. Fizioterapevtik üsullar onlarda rahatlanmağa səbəb ola bilər.
Təəssüf ki, xəstəliyin tam müalicəsi yoxdur. Parkinsonla mübarizədə ilkin diaqnoz, düzgün müalicə, fizioterapiya və idman çox vacibdir.