Erkin Rəhimov: Risk qrupuna aid olan uşaqlara COVID-19 əleyhinə peyvənd vurula bilər
Bakı, 9 iyul, AZƏRTAC
Risk qrupuna aid olan uşaqlara yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd vurula bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov nazirliyin rəsmi instaqram səhifəsində “Uşaqların vaksinasiya” mövzusundakı çıxışı zamanı bildirib.
Baş pediatr bildirib ki, xroniki xəstəliyi, böyrək və ürək çatışmazlığı olan uşaqlar risk qrupuna daxildirlər: “Bəzi uşaqlarda koronavirus ağır fəsadlar törətdiyinə görə, onların da peyvənd olunması zəruridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer” vaksininin 12 yaşdan yuxarı şəxslər üçün istifadəsini uyğun bilir. Hesab edirəm ki, yaxın gələcəkdə COVID-19 əleyhinə bir neçə vaksinin də uşaqlar üzərində tətbiq olunması təsdiqlənəcək. Həmçinin valideynlər arasında çaşqınlıq yaradan məsələlərdən biri də yay mövsümündə vaksinasiya ilə bağlıdır. Qeyd edim ki, isti aylar peyvənd vurdurmaq üçün əks göstəriş deyil. Ümumiyyətlə allergiyanın aktiv mərhələsində uşaqlar peyvənd olunmasa da, digər hallarda vaksinasiya üçün heç bir problem yoxdur”.