Uşaqlarda Enkoprez (Encopresis) xəstəliyi barədə. Həkim Nərmin Əzizova

Enkoprez xəstəliyi – tibbi bir səbəb olmadan 4 yaşından yuxarı uşaqların istəyərək və ya istəmədən nəcisini saxlaya bilməməsi, nəzarət edə bilməyərək uyğun olmayan bir yerə və əşyanın üstünə etməsi və ya gizlətməsi ilə özünü göstərən pozğunluqdur.
Səbəbləri
Funksional qəbizlik: Bu Enkoprez xəstəliyinin 90% səbəbləri arasında yer tutur. Belə ki, qəbizliyi olan uşaqlar uzun müddət nəcis toplandığı üçün bağırsaq hərəkətləri zamanı olduqca ağrı hiss edərlər. Bağırsaq hərəkətlərin xronik olaraq tez-tez kəsilməsi, uşaqların normal nəcis ifrazı (defekasiya aktının) qabiliyyətinin itməsinə və xəbərsiz hissəvi bağırsaq hərəkətlərinə səbəb olur. Çölyak xəstəliyi də həmçinin enkoprezə yol aça bilər.
Psixoloji faktorlar: Məktəb yaşında olan uşaqlar arasında aparılmış tədqiqata əsasən enkoprez xüsusən qayğıya ehtiyacı olan uşaqlarda (4%); fobiyalar olan uşaqlar arasında (4,3%); diqqət əskikliyi və hiperaktivlik sindromu olan uşaqlar arasında (9,2%) daha çox rast gəlindiyi aşkarlanmışdır.
Sosial faktorlar: Düzgün tualet təliminin verilməməsi, ailəyə yeni uşağın daxil olması, yeni bir məktəbə başlama və sair kimi stressli hadisələr də bu xəstəliyə səbəb ola bilər.
Beləliklə də, Enkoprez (nəcis tutmama) – 4 yaşdan yuxarı bir uşağın qeyri-iradi nəcisini saxlaya bilməməsidir. Bir qayda olaraq, bu hal tez-tez xroniki qəbizlikdən qaynaqlanır və uşağın bağırsaq hərəkətlərinə nəzarəti itirməsinə səbəb olur. Travma və ya ailə dəyişiklikləri kimi emosional stress də enkoprezisə səbəb ola bilər. Müalicə adətən uşağa bağırsaq hərəkətləri üzərində nəzarəti əldə etmək üçün pəhriz dəyişiklikləri, laksatiflər və davranış terapiyası ilə əsas qəbizliyin aradan qaldırılmasını nəzərdə tutur. Erkən müdaxilə uşağa uzunmüddətli fiziki və psixoloji təsirlərin qarşısını almaq üçün çox vacibdir.
Nərmin Əzizova, Pediatriya.az saytının təsisçisi