Əlləri sabunla yumaq tənəffüs yollarının iltihabi hallarını 23 faiz azaldır

Hər il 15 oktyabr Ümumdünya Əl Yuma Günü kimi qeyd olunur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) açıqladığı məlumata görə, bu gün Ümumdünya Əl Yuma Tərəfdaşlığı tərəfindən təsis edilib. İlk Ümumdünya Əl Yuma Günü 2008-ci il 15 oktyabrda keçirilib, dünyanın 120 milyondan çox uşağı 70-dən çox ölkədə əllərini sabunla yuyub.

Ümumdünya Əl Yuma Günü xəstəliklərin qarşısını almaq və sağlam həyat formalaşdırmaq üçün asan, təsirli və əlverişli bir vasitə olan sabunla əl yuma vərdişini insanlara aşılamaq üçün illik ümumdünya məlumatlandırma günüdür.

Əllərinizi sabunla yuyun: Yoluxucu xəstəliklərin 80 faizi təmasla ötürülür.

Əlləri sabunla yumaq tənəffüs yollarının iltihabi hallarını 23 faiz azaldır.

Əllər təmiz olduqda mikroblar daha tez məhv olur, çirkli əllərdə isə 95 faiz hallarda çoxalır.

Yadda saxlayın:

Əllərin təmiz olması üçün onların sabunla yuyulması mütləqdir.

Birinci dəfədə dəri üzərindən mikroblar gedir, ikinci yumada isə açılmış məsamələr təmizlənir.

Qeyd edək ki, bu il pandemiya dövründə “Ümumdünya Əl Yuma Günü” “Hər kəs üçün əl gigiyenası” mövzusuna həsr olunub. Pandemiya dövründə virusdan qorunmaq üçün əlləri yumağın vacibliyi hər zaman vurğulanır.

e-tibb.az