Ekspert: Qapalı məkanlarda maskadan istifadə olunması sağlamlığımız üçün zəruridir

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” imzaladığı Qərara əsasən mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv edilir.

Azərbaycanda dövlət səviyyəsində pandemiyaya qarşı aparılan tədbirlər nəticəsində koronavirusa yoluxma sayı günbəgün azalır, ölüm sayı demək olar ki, yoxdur. Ölkədə epidemioloji vəziyyət yaxşıdır, nəzarət altındadır. Bu səbəbdən də, mayın 1-dən tibbi maskadan istifadənin məcburi olmayacağı haqqında qərar verilib. Lakin pandemiya hələ bitməyib, yoluxma, yeni təhlükəli ştamların yaranması və yayılması təhlükəsi hələ də qalır. Buna görə də qapalı məkanlarda maskadan istifadə olunması sağlamlığımız üçün zəruridir.

Bunu AZƏRTAC-a “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva deyib.

“Son dövrlər bəzi ölkələrdə virusun yayılma hallarında yeni bir dalğa müşahidə olunur. Bu vəziyyətdən qorunmaq üçün sosial məsafə, gigiyenik qaydalara əməl olunması, qapalı məkanlarda tibbi maskaların istifadəsi tövsiyə edilir”,- deyən ekspert, məktəblərdə sinif otaqlarının havalandırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.

“Mütəmadi olaraq əllərin təmiz saxlanılması virusların bizim orqanizmimizə daxil olmasının qarşısını alır. Eyni zamanda insanların sıx olduğu yerlərdən biri olan nəqliyyat vasitələrinin dezinfeksiya olunması halı da vacibdir. Ümumiyyətlə, gigiyenik qaydalara riayət olunması COVID-19-dan asılı olmayaraq bizim həyat tərzimizin, mədəniyyətimizin bir hissəsidir. Hər bir insanın etik normalarında bu əks olunmalıdır”, – deyə Z.Nəbiyeva fikrini tamamlayıb.