Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Bakı, 25 sentyabr, AZƏRTAC

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar və tədbirlər keçirilir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) hər il olduğu kimi bu il də silsilə tədbirlərlə bu günü qeyd edir.

Belə tədbirlərdən biri Şağan qəsəbəsində yerləşən 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evində təşkil olunub. Burada Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq uşaqlar lazımi dərman preparatları ilə təmin ediliblər.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayev bu cür xeyriyyə aksiyalarının mütəmadi olaraq təşkil edildiyini bildirib: “Gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün fəaliyyət göstərmək bizim hər birimizin borcudur. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq biz hər il qocalar və uşaq evlərini ziyarət edirik. 29 sentyabrda bütün dünyada qeyd edilən Dünya Ürək Gününü biz də ənənəvi olaraq qeyd edirik. Builki tədbirlərimiz ilk olaraq Şağan qəsəbəsindəki uşaq evi ilə başladı. Burada məskunlaşmış 170-dən artıq uşaq xəstəxanamızın həkim briqadası tərəfindən müayinə edildi, onlara uyğun müalicə kursu yazıldı.”

Bu cür aksiyaların bundan sonra da davam etdiriləcəyini bildirən K.Musayev əsas məqsədin müayinə və müalicəyə ehtiyacı olan insanlara yardım etmək olduğunu deyib.