Dəyişkən hava uşaqlar, hamilə qadınlar, yaşlı və xroniki xəstəliyi olan insanlara mənfi təsir edir
Bakı, 17 may, AZƏRTAC
Son günlərdə qeydə alınan dəyişkən hava şəraiti bəzi insanların səhhətinə mənfi təsir göstərir. Havanın kəskin dəyişməsi orqanizmi sağlam olan insanlara neqativ təsir göstərmir, lakin müəyyən qrup şəxslər var ki, onlarda ciddi narahatlıqlar yarada bilər.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskaya deyib.
Həkim-terapevt dəyişkən havanın uşaqlar, hamilə qadınlar, yaşlı və xroniki xəstəliyi olan insanlara mənfi təsir etdiyini deyib: “Havanın soyuqdan istiyə keçməsi zamanı insanlar yaz geyiminə keçir, hava qəfil soyuduqda isə onlar isti geyimdən istifadə etmirlər. Bu da onların sağlamlığına mənfi təsir göstərir. Öskürək, boğaz qıcıqlanması, nəfəsalmanın çətinləşməsi kimi hallar ortaya çıxır. Havaların dəyişkən keçməsinə adekvat olaraq insanların geyimlərinə və hava şəraitinə uyğun davranışlarına diqqət yetirmələri məsləhət görülür”.
Həkim qeyd edib ki, ürək-damar sistemi, bronxial astma xəstəliyindən əziyyət çəkən insanlar da havanın kəskin dəyişməsi zamanı özlərini mütləq qorumalıdır: “Çünki insanların bir çoxu oturaq həyat tərzi keçirir, uzun müddət kompüter qarşısında olur, bu da ürək-qan damar sisteminə mənfi təsir göstərir. Havanın qəfil dəyişməsi bəzi insanlarda stres yaradır. Bu stres ürək əzələsində olan qan dövranının pozulmasına gətirib çıxarır. Hava dəyişməsi zamanı insanlarda virus infeksiyaları və soyuqdəymə xəstəliklərinin də artması özünü göstərə bilər. Bronxial astma xəstəliyi, allergiyası olan insanlarda hava dəyişkənlikləri bir sıra narahatlıqlara səbəb olur. Məsələn, allergik katarakta, allergik rinit kimi xəstəliklər müşahidə edilir. Bu cür hava şəraiti emosional insanlara da pis təsir edir, onlarda depressiya hallarının əmələ gəlməsi özünü göstərir. Belə hallarda emosional vəziyyəti stabil saxlamaq məsləhətdir”.
Terapevt belə hava şəraitində insanların geyimlərinə xüsusi diqqət yetirməli olduqlarını deyib: “Bir həkim kimi məsləhətimiz budur ki, dəyişkən hava şəraitində insanlar ilk növbədə öz geyimlərinə, qida rasionlarına diqqət etsinlər. Eyni zamanda, özlərini çox tərləmədən qorumalıdırlar. Bu daha çox uşaqlara aiddir, çünki mövsümi hava dəyişkənlikləri ilə əlaqədar uşaqlarda qrip, soyuqdəymə infeksiyaları artır”.