Ailə planlaması bütöv bir cəmiyyətin gələcəyi üçün vacibdir

Bakı, 17 may, AZƏRTAC

Ailə planlamasının pozulması bir sıra bəlalara və problemlərə yol açır, qadınlarda bir sıra xəstəliklərin yaranmasına və ölkədə əhalinin sağlamlığının pozulmasına gətirib çıxarır.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqu Nazilə Babayeva deyib. Onun sözlərinə görə, ailə planlaması fərdi və ümumi olaraq, əhali sağlamlığına təsir etmir, eyni zamanda, sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, ana və uşaq ölümünün azalmasına səbəb olur: “Ailə planlaması reproduktiv sağlamlığın bir hissəsi kimi cütlüklərin sanitar maarifləndirilməsi və ailə planlanması ilə bağlı sualların cavablandırılması məqsədilə məsləhətlərin verilməsini özündə birləşdirir. Ailə planlaması dedikdə fərdlərin öz sağlamlıq və büdcələrinə uyğun bir şəkildə hamiləliyin planlanması nəzərdə tutulur. Bunun üçün ilk növbədə, kontrasepsiya üsullarını bilmək və əməl etmək lazımdır”.

Bu işdə qadın məsləhətxanalarının rolunun böyük olduğunu vurğulayan mütəxəssis bildirib ki, həkim mama-ginekoloqlar cütlüklərə hamiləliyin vaxtını düzgün seçilməsi, ailənin istədiyi vaxt və istədiyi sayda uşaq sahibi olmaq hüququna malik olması, arzuolunmaz hamiləliklərin yaranması və abortların qarşısının alması istiqamətində bir sıra tədbirlər görür, maarifləndirmə işi aparır: “Bütün hamiləliklərin planlı olması vacib şərtdir. Yəni cütlüklər mütləq bütün müayinələrdən keçməli, ixtisas həkimləri ilə müntəzəm əlaqədə olmalıdır. Ailə planlamasında əsas məqsəd sağlam ailə və sağlam uşaqdır. Bunun üçün qadınlar lazımi tibbi müayinələrdən lazımi vaxtda keçməli və hamiləliyə düzgün hazırlanmalıdır”.

Uşaq dünyaya gəldikdən sonra növbəti hamiləliyi bir neçə ildən sonra planlamaq tövsiyə olunur. Çünki doğuşdan sonra qadının bir çox resursu tükənir və ona görə də doğuşdan sonra qeyd olunan periodun gözlənilməsi vacibdir.

Mütəxəssisin sözlərinə görə, ailə planlamasının pozulması bir sıra bəlalara və problemlərə də yol açır: “Ailə planlaması pozulduğu halda nizamsız abortlar meydana gəlir. Bu isə gələcəkdə sonsuzluğun, qadınlarda kiçik çanaq üzvlərinin iltihabi xəstəliklərinin və bir sıra yoluxucu xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün isə qadınlar mütəmadi olaraq qadın məsləhətxanalarına müraciət etməli, sahə həkim-ginekoloqu ilə tez-tez əlaqə yaratmalıdırlar”.

Qeyd edilib ki, ailə planlaması təkcə ailənin deyil, həm də bütöv bir cəmiyyətin gələcəyi üçün vacibdir.