D vitamin çatışmazlığı vaxtında aradan qaldırılmalıdır

Bakı, 11 aprel, AZƏRTAC

Uşaqlar arasında halsızlıq, yorğunluq, iştahasızlıq, ağızda yaralar, boy artımının ləngiməsi, əzələ və oynaq ağrıları, tərləmə, dırnaqlarda qırılma, depressiya, dişlərdə çürümə kimi hallar valideynlərin narahatlığına səbəb olur. Bəzi valideynlər həmin əlamətlərə heç bir əhəmiyyət vermirlər. Mütəxəssislər isə bildirirlər ki, Günəş şüası görməyən, gün ərzində qapalı məkanlarda olanlarda D vitamini çatışmazlığı yaranır. Bu, orqanizmdə özünü fərqli formalarda göstərir.

AZƏRTAC xəbər verir ki, həkim-pediatr Zakir Quliyev bununla əlaqədar deyib: “Uşaqlarda D vitamini çatışmazlığı boyun və bədənin inkişafına mənfi təsir göstərir, onlarda yorğunluq, bədən və əzələ ağrıları müşahidə edilir. Uşaqlar bir az yeriyəndən və ya qaçandan sonra ayaqda yaranan ağrılardan, valideynlər isə onlarda diqqət yayınıqlığı və iştahasızlıqdan şikayətlənirlər. Analar havalar soyuyan kimi övladlarının təkrar-təkrar infeksiyalara yoluxduğunu söyləyirlər. Bu zaman ən azı D vitamini çatışmazlığını əsas götürərək analiz verilməsi vacibdir”.

D vitamini çatışmazlığı vaxtında aradan qaldırılmasa uşaqlarda ciddi xəstəliklərin yaranmasına səbəb olar. Belə uşaqlarda raxit xəstəliyi, onurğa sütunu və ayaqların deformasiyası, yastıpəncəlilik, döş qəfəsi, əzələ və oynaq zəifliyi kimi patoloji hallar müşahidə olunur.

Həkim-pediatr onu da bildirib ki, belə uşaqların müalicəsi mütləq həkim nəzarəti altında aparılmalıdır.