COVID-19 əleyhinə peyvəndlərin tərkibi ana və körpə sağlamlığı üçün təhlükəli deyil
Bakı, 23 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov yeni növ koronavirus (COVID-19) virusunun və virus əleyhinə istifadə edilən vaksinlərin hamilə qadınlara təsirindən danışıb. AZƏRTAC həkim-mütəxəssislə müsahibə təqdim edir.
-COVID-19 xəstəliyi hamilə qadınların səhhətində hansı problemləri yaradır?
– Hamilələrin COVID-19 xəstəliyini daha ağır keçirdiyi elmi tədqiqatlarla təsdiq olunub. Xüsusilə də şəkərli diabet, artıq çəki, gecikmiş hamiləlik, bronxial astma və s. bu kimi yanaşı xəstəliyi olanlar infeksiyanı daha ağır keçirirlər. COVID-19 testinin nəticəsi pozitiv çıxan hamilələrdə xəstəliyin yaratdığı ağırlaşmalara görə, ana ölümü, bətndaxili fetal ölüm, vaxtından əvvəl doğum ehtimalı artır. Vaxtından əvvəl doğum baş verən hallarda təbii ki, uşaqda bununla bağlı qalıcı və kəskin ağırlaşmaların ehtimalı da artır.
-COVID-19 əleyhinə vaksinlərin hamiləlik zamanı peyvənd olunan qadınların körpələrinə təsiri necədir?
– Hamiləlik dövründə COVID-19 əleyhinə peyvəndlərin onların körpələrinə uzunmüddətli təsirləri barədə hələ ki, dəqiq məlumat yoxdur, lakin COVID-19 peyvəndləri “canlı” peyvənd olmadığı üçün insanlarda infeksiyaya səbəb ola bilməz. Bundan başqa, digər canlı olmayan peyvəndlərin hamiləlik dövründə istifadəsi qadınlar üçün heç bir təhlükə yaratmayıb. “Pfizer” kimi mRNT vaksinləri də inyeksiyadan sonra sürətlə parçalanır. 40 mindən çox hamilə qadını əhatə edən araşdırmalar göstərir ki, peyvənd hamilə qadınlarda vaxtından əvvəl doğuş, ölü doğuş və körpələrdə anadangəlmə anomaliya riskini artırmır.
-COVID-19 əleyhinə vaksinləri hamilə qadınların özü üçün təhlükəsiz və effektivdirmi?
– COVID-19 əleyhinə vaksinlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olması qənaətindədir. Hamiləlik zamanı peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu aşkar edib. İngiltərədəki araşdırmaların nəticələrinə görə, COVID-19 əleyhinə peyvəndlərin hamilə qadınlar və ya inkişaf etməkdə olan körpələr üçün zərəri yoxdur. Bundan əlavə, həmin peyvəndlərin tərkibindən ana və körpə sağlamlığı üçün təhlükəli hesab edilən inqrediyentlərin olması da təsdiqini tapmayıb.
-Peyvəndlər ana bətnindəki körpəyə COVID-19-a qarşı anticisim ötürə bilərmi?
– Bu mövzuda kifayət qədər araşdırma yoxdur. Yalnız bir qrup hamilə qadında peyvəndin qoruyucu anticisimlərinin plasenta vasitəsilə körpəyə keçdiyi və COVID-19-a qarşı immunitetinə kömək etdiyi göstərilib. Ananın immuniteti yeni doğulmuş körpəni koronavirusdan qorumağa kömək etsə də, həmin anticisimlərin nə dərəcədə qorunma təmin edəcəyini və ya bu qorunmanın nə qədər davam edəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.
-COVID-19 peyvəndlərinin yan təsirləri hansılardır və peyvənd reaksiyası yaranarsa nə etmək lazımdır?
– Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və uzun müddət davam etmir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. Hamilə olmayan şəxslərdə COVID-19 peyvəndlərinin qızdırma və ya bir neçə gün davam edən əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri müşahidə olunur. Əgər qızdırma varsa (38°C və ya daha yüksəkdirsə), istirahət edə və hamiləlik üçün təhlükəsiz parasetamol istifadə edilə bilər. Əlavə məsləhət üçün ailə həkiminə və ya ginekoloqa müraciət edilməlidir.
-COVID-19 əleyhinə peyvənd hamilə qalmağa təsir edirmi?
– Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır. Hamilə qalmağa çalışan qadınlar vaksinasiyada iştirak edə bilərlər və peyvənddən sonra hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.