Bu il Azərbaycan Tibb Universitetini 996 tələbə bitirib
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) növbəti məzun buraxılışı olub.
AZƏRTAC xəbər verir ki, təntənəli mərasimdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli deyib: “Bu gün məzunlarımız universiteti tərk edib həkim ordusu sıralarına qoşulurlar. Bu, həm çox məsuliyyətli, həm də şərəfli yoldur. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycanda həkim və müəllimlərin rolunu yüksək qiymətləndirib, onları daim diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tələbələri diqqət və qayğıdan kənarda saxlamır, yüksək bal ilə universitetimizə qəbul olunan tələbələrin Prezident təqaüdünə layiq görülməsi buna bariz nümunədir”.
Rektor bu günün hərbi fakültənin məzunları üçün ikiqat əlamətdar tarix olduğunu xatırladıb. Çünki Məzun günü Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 101 illiyinə təsadüf edir: “Bu gün həm də sizin peşə bayramı gününüzdür. Fakültəmiz 74 məzununu layiqli hərbi həkim və hərbi feldşer kimi Vətənə xidmətə yollayır. Bütün hərbçilərimizi təbrik edir və gələn il Silahlı Qüvvələr Gününü Qarabağda, Xankəndidə qeyd etməyi arzulayıram”.
Professor Gəray Gəraybəyli məzunları və onların valideynlərini təbrik edərək hər kəsə gələcəkdə sayılıb-seçilən həkim və mütəxəssis olmağı arzulayıb.
Sonra təntənəli andiçmə mərasimi keçirilib. Hərbi tibb fakültəsinin məzunu Şamxal Hüseynov “Həkim andı”nı oxuyub, məzunlar isə onun dediklərini təkrar ediblər. Həmçinin bir qrup əlaçı məzuna diplomlar təqdim olunub. Universitetin “AMU fires” komandasının üzvləri 3 il ərzində Rusiya Federasiyasının Stavropol şəhərində keçirilən olimpiadada uğurlu çıxışına görə fəxri fərmanlarla təltif ediliblər.
ATU-nun ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov çıxış edərək bu şərəfli peşəni seçən gənclərə uğurlar arzulayıb. Valideynlər adından isə II müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş Məhərrəm Alimlinin atası, vaxtilə Tibb Universitetinin məzunu, həkim Nadir Alimov çıxış edərək məzunlara təbriklərini çatdırıb.
Ənənəyə görə hər il universitetin məzunları həkimlərin simvolu sayılan lanset, stetoskop və ağ xalatı I kurs tələbələrinə təqdim edirlər. Bu il I müalicə-profilaktika fakültəsinin məzunu, Prezident təqaüdçüsü Leyla Ağayeva simvolları I kurs tələbəsi, Prezident təqaüdçüsü Nərmin Əhədova təqdim edərək estafeti ona verib.
Məzunlar universitetin himnini səsləndirdikdən sonra mərasim bədii hissə ilə davam edib.
Qeyd edək ki, bu il ATU-da 996 tələbə məzun adını qazanıb. Onlardan 818 nəfəri universiteti müvəffəqiyyətlə, 88 nəfəri fərqlənmə ilə bitirib. Ən çox məzun II müalicə-profilaktika fakültəsindən olub – 348 nəfər. Məzunların 907 nəfəri həkim, 74-ü əczaçı, 15-i isə hərbi feldşer ixtisasına yiyələnib.
Azərbaycan Tibb Universitetində 25 müxtəlif ölkədən – Türkiyə, İran, İordaniya, Suriya, İraq, Pakistan, Sudan, Rusiya Federasiyası, Yəmən, Fələstin, Əfqanıstan, İsrail, Misir, Nigeriya, Hindistan, İsveç, Ukrayna, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Gürcüstan, Finlandiya, Livan, Liviya, Çindən olan çoxsaylı xarici tələbə təhsil alır.