Boşanma zamanı ata aliment ödənişini etməkdən yayınarsa, onun valideynlik hüquqları əlindən alına bilər?

Baxış
84

Boşanmadan sonra minlərlə qadın üçün əsas problem yalnız ailənin dağılması deyil, uşağın maddi təminatının faktiki olaraq ana üzərində qalmasıdır. Məhkəmə qərarı olsa belə, alimentin illərlə ödənilməməsi bir çox ananı çıxılmaz vəziyyətə salır.

Bu fonda cəmiyyətdə tez-tez səslənən bir tələb gündəmə gəlir: aliment ödəməyən kişilərin atalıq (valideynlik) hüququndan məhrum edilməsi.

Lakin burada hüquqi reallıqla ictimai gözlənti arasında ciddi fərq yaranır.

Bir çox qadın hesab edir ki, aliment ödənilmirsə, ata avtomatik olaraq valideynlik hüququnu itirməlidir.

Maraqlıdır, bəs görəsən, atanın aliment ödəməməsi onun valideynlik hüququndan məhrum edilməsi üçün kifayət edirmi? Ana belə bir tələblə məhkəməyə müraciət edə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, qanunvericilikdə atalıq (valideynlik) hüququndan könüllü imtina anlayışı mövcud deyil:

Boşanma zamanı ata aliment ödənişini etməkdən yayınarsa, onun valideynlik hüquqları əlindən alına bilər?

“Yəni ata sadəcə – “mən öz hüquqlarımdan imtina edirəm”, – deməklə atalıq hüququndan məhrum ola bilməz. Heç bir valideyn yalnız öz istəyi və arzusu ilə valideynlik hüquqlarının ləğvini tələb edib buna nail ola bilməz. Valideynlik hüquqları yalnız məhkəmə qərarı ilə, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduqda məhdudlaşdırıla və ya tamamilə ləğv edilə bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlik hüquqlarından məhrumetmə yalnız uşağın mənafeyi naminə tətbiq olunur. Bu, valideynin öz vəzifələrini kobud və davamlı şəkildə yerinə yetirməməsi hallarında mümkündür.

Buraya aşağıdakılar daxildir:

uşağın saxlanmasından tam şəkildə yayınma;

uşaqla maraqlanmama;

tərbiyə prosesində iştirak etməmə;

uşağa qarşı laqeyd münasibət.

Bu hallar uzun müddət ərzində baş verməli, mütləq sübutlarla təsdiqlənməlidir.

Xüsusilə, alimentin uzun müddət və qəsdən ödənilməməsi mühüm əsaslardan biridir. Əgər aliment məhkəmə qərarı ilə müəyyən edilibsə və aylar, hətta illər boyu üzrsüz səbəbdən ödənilməyibsə, bu hal valideynlik hüququndan məhrumetmə üçün əsas ola bilər. Lakin təkcə aliment faktoru kifayət etmir – vəziyyət kompleks şəkildə qiymətləndirilməlidir.

Məhkəmə aşağıdakı məqamları da nəzərə alır:

uşağa qarşı zorakılıq;

fiziki və psixoloji təzyiq;

cinsi toxunulmazlığın pozulması;

alçaldıcı və qəddar davranış;

valideynin alkoqolizm və ya narkomaniyadan əziyyət çəkməsi ilə bağlı tibbi rəy əsasında uşağın həyatına və sağlamlığına real təhlükənin müəyyən edilməsi;

uşağın həyat və sağlamlığına qəsd;

Bu hallarda məhkəmə valideynlik hüququndan məhrumetmə barədə əsaslandırılmış qərar qəbul edə bilər.

Ata aliment ödənişini etmir, İcra Hakimiyyəti orqanlarının çağırışında reaksiya vermirsə, uşaqla maraqlanmayırsa, uşağın psixoloji və maddi təminatı tam pozulubsa, bu zaman ata valideynlik vəzifələrini sistemli şəkildə yerinə yetirə bilmirsə, məhkəmə atanın valideynlik hüquqlarını sistemli şəkildə yerinə yetirə bilmədiyinə dair qərar verə bilər”.

Onun sözlərinə görə, ata valideynlik hüququndan məhrum edilərsə, belə aliment ödəmək öhdəliyi var:

“Valideynlik hüququndan məhrumetmə aliment borcunu ləğv etmir. Ata valideynlik hüququndan məhrum edilsə belə, aliment ödəmək öhdəliyi qalır”.

Ata valideynlik hüququndan məhrum edildikdə ana avtomatik sosial müavinət alırmı?

Hüquqşünas vurğulayıb ki, ana birbaşa müavinət almır:

“Əgər ana sosial yardım kriteriyalarını ödəyirsə, ailənin gəliri yaşayış minimumundan aşağıdırsa, aliment faktiki olaraq ödənilmirsə və icrası mümkün deyilsə, ana “tək valideyn” statusuna uyğun hüquqi vəziyyətdədirsə müavinət verilə bilər. Bu zaman əsas meyar ailənin sosial vəziyyətidir.

Ana bu yolu seçmək istəyirsə, ardıcıl hüquqi addımlar atmalı, aliment üzrə icra sənədləri aktivləşdirilməli, icra məmurunun atanın alimentdən yayındığına dair arayışı olmalı, yayınma faktları toplanmalı və sənədləşdirilməlidir. Bundan sonra müvafiq iddia məhkəməyə təqdim edilməlidir.

Yekun olaraq: Ana təkbaşına, sübut təqdim etmədən atanın valideynlik hüququndan məhrum olunmasını tələb edə bilməz. Bu məsələ yalnız məhkəmə qaydasında və əsaslı sübutlarla həll olunur. Yalnız alimentin ödənilməməsi valideynlik hüququndan məhrum edilməyə əsas vermir. Valideynlik hüququndan məhrumetmə aliment borcunu aradan qaldırmır və hər bir halda uşağın mənafeyi əsas götürülür”.

Aygün Mirakif

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin