BMT-nin Baş katibi: tibb xidmətləri hər kəs üçün əlçatan olmalıdır

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 12-də Beynəlxalq Tibb Xidmətləri ilə Ümumi Əhatə Olunma Günü qeyd olunub. Bu münasibətlə BMT-nin Baş katibi Antonio Quterreşin müraciətində qeyd olunub ki, cari ilin sentyabrında dünya liderləri 2030-cu ilədək səhiyyə xidmətlərinin hamı üçün əlçatan olacağını vəd edən siyasi Bəyannaməni təsdiqləyiblər. Onlar ilkin tibbi-sanitar yardım üçün xərclərin ümumi daxili məhsulun 1 faizi həcmində artırılacağını da bəyan ediblər.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Antonio Quterreşin müraciətində qeyd olunur: “Bu Beynəlxalq Gündə mən bütün liderləri verilmiş vədlərə əməl etməyə və bu cür xidmətlərin hamını əhatə etməsinə nail olmağa çağırıram”. Baş katib əlavə edib ki, bu məsələdə əhalinin daha aztəminatlı təbəqələrinin ehtiyaclarının ödənilməsinə üstünlük verilməlidir. O xatırladıb ki, əhalinin sağlamlığının qorunması varlıların üstünlüyünün təmin edilməsi yox, insan haqlarının tərkib hissəsidir. “Dünya əhalisinin yarısının əvvəlki kimi bu təməl xidmətlərdən məhrum olması və tibb xidmətlərinin baha olması ucbatından hər il 100 milyondan çox insanın ifrat yoxsuluq həddinə çatması ədalətsiz və yolverilməzdir”, -deyə müraciətdə vurğulanır.

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosundan bildirilib ki, regionun əksər sakinləri üçün dərmanların alınması və həkim xərclərinin ödənilməsi müşkülə çevrilib. DST-nin Avropa bürosunun üzv ölkələrində hər il səhiyyə xərcləri ucbatından ailələrin 9 faizi yoxsul vəziyyətə düşür.

Qeyd olunur ki, tibb xidmətlərinin hamı üçün əlçatan olması insanlara keyfiyyətli və pulsuz, yaxud daha ucuz tibb xidməti göstərilməsidir. Bunun üçün səmərəli səhiyyə sistemi, ucuz dərmanların və ixtisaslaşmış tibb personalının olması lazımdır.