Bakıda yeddi yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin TƏFƏRRÜATI

Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Belə ki, sürücü Tural Süleymanlı sükan arxasında olanda qıcolma keçirib, bu zaman avtomobil qonşunun darvazasına çırpılıb. T.Süleymanlı ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb, azyaşlının həyatını isə xilas etmək mümkün olmayıb.

T.Süleymanlının xalası Esmira Cəfərova hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

“Qışqırıq səslərini eşidib hadisə yerinə gəldim. Gördüm ki, uşağı maşından düşürtdülər, anasının yanına qaçdı. O, xəsarət almasa da, qorxudan rəngi ağarmışdı. Sonra uşağı epilepsiya tutdu. Xəstəxanaya aparılan zaman yolda nəbzi dayandı”, – o söyləyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Bakıda yeddi yaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumatda bildirilib ki, oktyabrın 20-də saat 11:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zabrat ərazisindən təcili çağırış daxil olub.

“Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən azyaşlının (kişi cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə həkim yanında ölüm faktı qeydə alınıb.

32 yaşlı şəxsə (kişi) isə ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alt çənə sümüyünün sınığı, qabırğa sümüyünün sınığı, üz və baş dərisinin sıyrılmış yaraları diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”, – deyə məlumatda bildirilib.

Samir Əli

Oktyabrın 20-də saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində uşaq ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Süleymanov 7 yaşlı oğlu Usamə Süleymanlını qucağına alaraq BMW markalı avtomobilə əyləşib.

Bu zaman azyaşlı uşaq sürüşərək sürət pedalına sıxılıb. Nəticədə avtomobil hərəkətə gəlib və hasara çırpılıb.

Hadisə nəticəsində azyaşlı U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.