Bakıda Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı keçiriləcək
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 14-15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı keçiriləcək.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərlə region və xarici həkimləri tanış etməkdən ibarətdir.
Konfransda Bakı və regionun həkim heyəti, həmçinin xaricdən həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.
Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, paytaxta, regionlarda və xarici ölkələrdə keçirilən konfranslarda da əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır.
Professor Elmar Qasımov giriş sözü ilə konfransı açıq elan edəcək. Konfransda Türkiyədən, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Rusiyadan professorlar, həkimlər və rezidentlər çıxış edəcəklər.