Azərbaycanın səhiyyə naziri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyasının texniki brifinqində çıxış edib
Danimarkanın paytaxtında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası öz işini davam etdirir. Sessiya çərçivəsində “Vahid Sağlamlıq” mövzusunda texniki brifinq keçirilib.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev müzakirə olunan mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, Azərbaycan çoxsahəli əməkdaşlıq, siyasət, təcrübə və təhsil yolu ilə “Vahid Sağlamlıq” Konsepsiyasının həyata keçirilməsini təşviq edir: “Beynəlxalq tibbi-sanitariya qaydaları çərçivəsində bu istiqamətdə atılan mühüm addımlardan biri də 19 texniki sahəni əhatə edən Birgə Xarici Qiymətləndirilmədir. 2023-cü ilin may ayında yerli və sektorlararası beynəlxalq ekspertlərdən ibarət qiymətləndirmə qrupunun iştirak etdiyi məsləhətləşmə prosesi vasitəsilə Azərbaycanın imkanları insan sağlamlığı sektoru da daxil olmaqla 19 istiqamətdə yoxlanılıb. Birgə müzakirələr və ərazilərə səfərlər nəticəsində Beynəlxalq tibbi-sanitariya qaydalarının, “Vahid Sağlamlıq” Konsepsiyasının tətbiqinin təkmilləşdirilməsinə və Azərbaycan səhiyyə sisteminin fövqəladə hallar zamanı dayanıqlığının gücləndirilməsinə yönələn bütün texniki istiqamətlər üzrə qiymətləndirmələrinə dair prioritet addımlar müəyyən edilib”.
Nazirin sözlərinə görə, Azərbaycanda “Vahid Sağlamlıq” Konsepsiyasının həyata keçirilməsində növbəti addım koordinasiya mexanizmlərinin gücləndirilməsi, birgə nəzarət, monitorinq, potensialın, o cümlədən infrastruktur və insan resurslarının inkişafına yönələn Səhiyyənin Təhlükəsizliyinin Təmin edilməsi üzrə Milli Fəaliyyət Planının hazırlanması olacaq.
Teymur Musayev çıxışında noyabr ayında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini vurğulayıb. Nazirin sözlərinə görə, COP29 qlobal ictimaiyyət üçün bir araya gəlmək, ümumi tərəqqimizi qiymətləndirmək və praktiki həlləri müəyyən etmək üçün mühüm bir fürsətdir.
“İlk dəfə olaraq “Vahid Sağlamlıq” yüksək səviyyəli COP29-un dəyirmi masasının diqqət mərkəzində olacaq. Görünməmiş ekoloji problemlər qarşısında “Vahid Sağlamlıq” yanaşması indi həmişəkindən daha aktualdır. Konsepsiya insan, heyvan və ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini tanıyır. Bu da iqlim dəyişikliyinin həyatımızın hər aspektinə – biomüxtəliflikdən başlayaraq ərzaq təhlükəsizliyi və sağlamlığa təsir edən kompleks yanaşmanı nəzərdən keçirərkən xüsusilə vacibdir. Gəlin birlikdə müzakirələrimizi hər kəs üçün daha sağlam və dayanıqlı gələcəyə aparacaq konkret hərəkətlərə çevirək”, – deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.