30 Noyabr 2017

Azərbaycanda qidaların zənginləşdirilməsi məsələsi müzakirə edildi

30.11.2017-ci il tarixində Hilton otelində Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən qidaların zənginləşdirilməsi mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirdə bir sıra dövlət, beynəlxalq və ictimai qurumların, o cümlədən İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, dənüyütmə sənayesi və vətəndaş cəmiyyətinin, həmçinin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Səhiyyə Təşkilatının (WHO) nümayəndələri və digər mütəxəssislər iştirak edib. Müzakirələrin diqqət mərkəzində bu sahəyə aid qanunvericiliyin hazırlanması dayanmışdı.

Tədbir mikroqidalandırıcılarla zənginləşdirilməsi mümkün, vacib bir məhsul olan unun məcburi zənginləşdirilməsinə imkan yaradan tənzimləyici və işgüzar mühitin yaradılması istiqamətində regional səylərin tərkib hissəsidir.

Unun zənginləşdirilməsi əhalinin sağlamlıq və məhsuldarlığının artırılması üçün səmərəli, sınanmış bir strategiyadır.

UNICEF nümayəndəsinin müavini Min Yuan qeyd edir ki, dəmir çatışmazlığı bu problemdən əziyyət çəkən bir uşağın məktəbdə məhsuldarlığına olduqca ciddi təsir göstərir ki, bu da son nəticədə, əhalinin məhsuldarlığına təsir edir. Ərzaq və qidalanma sistemlərində unun zənginləşdirilməsi kimi müvafiq dəyişikliklərin aparılması yolu ilə ana və uşağın optimal qida ilə təmin edilməsi yoxsulluğun nəsildən-nəslə keçməsinin aradan qaldırılmasında vacib bir rola malik ola bilər.

UNICEF açıqlamasında bildirir ki, Kopenhagen Konsensusunda bir qrup tanınmış iqtisadçı və səhiyyə mütəxəssisi bu qənaətə gəlmişdir ki, unun mikroqidalandırıcılarla zənginləşdirilməsi xərclərə sosial fayda əmsalı üzrə ölçüldükdə, bütün dünyada əhalinin həyatını yaxşılaşdırmaq üçün ən səmərəli mümkün müdaxilə fəaliyyətlərindən biri olmuşdur.

Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi (MŞA/MDB) regionunda anemiya beş yaşından kiçik uşaqlar arasında əsas ictimai sağlamlıq problemini təşkil edir.

UNICEF açıqlamasında bildirir ki, qidada vitamin və mineral çatışmazlığı insanları infeksiya və xəstəliklərə həssas vəziyyətə gətirir. Dünyada bu cür çatışmazlıq hər il 5 yaşından kiçik 1 milyon uşağın ölümünə və təqribən 50 000 gənc qadının hamiləlik və doğuş zamanı həyatını itirməsinə və ildə 200 000 ciddi anadangəlmə qüsurlara şərait yaradır. Bir çox inkişaf etmiş ölkələrdə artıq uğurla sınaqdan keçirilmiş bir təcrübə olan unun dəmir və fol turşusu ilə zənginləşdirilməsi mikroqidalandırıcı çatışmazlığında ciddi şəkildə azalmaya kömək etmişdir. Məsələn, ABŞ, Kanada və Çilidə ciddi anadangəlmə qüsurlar məcburi olaraq fol turşusu ilə zənginləşdirmənin tətbiqindən sonra beş il ərzində üçdə birdən çox azalmışdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

21 Oktyabr 2019
“Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir”. e-tibb.az-ın xəbərinə…
21 Oktyabr 2019
Uşaqlarda tər vəzlərinin sayı böyüklərə nisbətən daha çox olduğuna görə uşaqlar daha çox tərləyirlər. Körpələrin…
21 Oktyabr 2019
Bakıda Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresi keçirilir. e-tibb.az APA-ya istinadən xəbər verir ki, konqresin əsas…