"Azərbaycanda bronxial astma xəstəliyi geniş yayılıb" - Baş allerqoloq

“Yaz mövsümünün başlaması ilə insanlar arasında daha çox polenol xəstəliyinin yaratdığı allergik reaksiyalara rast gəlinir”

AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov bu gün keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, xəstəliyin əsas əlamətləri burun və gözdə müşahidə edilir.

“Burundan su gəlməsi, asqırmaq, göz qaşınması və gözdən su gəlməsi bu xəstəliyin əlamətidir. Çox insan bunu qrip kimi müəyyənləşdirir və səhv müalicə edirlər. BakıAbşeron və digər rayonlarda müşahidə edilən xəstəliyin 3 dövrü olur. Birinci dövr martdan başlayaraq mayın sonuna kimi davam edir və bu, yaz dövrü adlanır. İkinci dövr iyundan avqustda qədər davam edir. Üçüncü dövr avqustdan noyabrın sonuna qədərdir”.

C. Məmmədov qeyd edib ki, xəstəliyin ağırlaşmış forması bronxial astmaya çevrilir: “Azərbaycanda bronxial astma xəstəliyi geniş yayılıb. Təxminən 5-8 faiz əhalidə bronxial astma müşahidə edilir. Burada irsi meyillilik mühüm rol oynayır. Həmçinin hansı regionlarda nəmişlik çoxdursa, orada bronxial astma xəstəliyi olan insanlar üstünlük təşkil edir. Astma xəstəliyi olan insanların çoxu zirzəmisində su olan binaların birinci mərtəbələrdə və ya bir otaqlı evdə 5-6 nəfər olan yerdə qalır”.

Aytən Zəhra
AzVision.az