Uşaqlarda D Vitaminin Çatışmazlığı. Dr. Nərmin Əzizova, Dr. Əli Quliyev

Uşaqlarda D Vitaminin Çatışmazlığı. Dr. Nərmin Əzizova, Dr. Əli Quliyev
Ölkəmizin günəşlə zəngin olmasına baxmayaraq, xüsusilə körpələrdə, yeniyetmələrdə və hamilə qadınlarda D vitamini çatışmazlığı müşahidə edilir. Son illərdə D vitamininin profilaktik qəbulu bir çox ölkələrdə əsas sağlamlıq önəmlərindən birinə çevrilmişdir.
İnkişaf etməkdə olan ölkələrdə D vitamini çatışmazlığı və raxit xəstəliyi hər zaman aktual bir sağlamlıq problemi olmuşdur. ABŞ və Avropa ölkələrində, xüsusilə bəzi etnik qruplarda, raxit xəstəliyinə rastgəlmə tezliyinin artması bu problemi yenidən aktual hala gətirmişdir. Səhiyyə sahəsindəki inkişaflara və həkimlərin uşaqlara profilaktik olaraq D vitamininin istifadəsini tövsiyə etmələrinə baxmayaraq, hələ də 0-3 yaş arasındakı uşaqlar arasında 6% hallarda raxitlik müşahidə edilir. Lakin, qeyd etmək lazımdır ki, D vitamini çatışmazlığı olan uşaqlarda aktiv raxit xəstəliyi olmasa da, digər zərərli nəticələr də baş verə bilər.
D Vitamininin vəzifəsi
Son illərdə D vitamininin bədənimizdə yalnız sümük sisteminin inkişafında deyil, digər orqan və sistemlərə də birbaşa və dolayı təsir etdiyi öyrənilmişdir. Aktiv D vitamininin əsas vəzifəsi orqanizmdə Ca (kalsium) və P (fosfor) maddələrini sorub, PTH (parathormon) ilə birlikdə orqanizmin Ca/P nisbətini qorumaqdır. D vitamini yoxluğunda, Ca-nın sorulması 10-15% olsa da, D vitamininin təsiri ilə bu dərəcə 30-80% arasında dəyişə bilər.
D Vitamini zəngin olan qidalar
D vitamininin əsas mənbəyi günəşdir. D vitamininin 95%-i günəş işıqlarının təsiri ilə dəridə sintez olunur. Çox az miqdarda təbii qidaların tərkibində D vitamini vardır. Bu qidalara yağlı balıqlar, məsələn, qızılbalıq, sardalya, skumbriya, ton balığı və yumurta sarısını xüsusi olaraq qeyd etmək olar.
D Vitaminin çatışmazlığının səbəbləri
D vitamini çatışmazlığı ən çox südəmər dövrdə müşahidə olunur. D vitamininin çatışmazlığının səbəbləri aşağıdakılardır:
- Azalmış D vitamini sintezi
- Dəri piqmentasiyası
- Günəş işıqlarının orqanizmə təsirinin qarşısını alan vasitələr (günəş kremi, paltarlar)
- Coğrafi bölgə (fəsillər, hava çirkliliyi, nəmlik, yüksəklik)
- D vitaminin qəbulunun azalması
- Anada D vitamini çatışmazlığı olması və körpənin yalnız ana südü ilə qidalanması
- Malabsorbsiya xəstəlikləri (Çölyak xəstəliyi, pankreas çatışmazlığı, kistik fibroz, biliyar obstruksiya, biliyar atreziya)
- Bəzi səbəblərdən D vitamininin sintezinin azalması və ya parçalanmasının sürətlənməsi (xronik qaraciyər xəstəlikləri, rifampisin, izoniazid, qıcolma əleyhinə dərmanlar)
Günəş işıqlarının orqanizmə təsirinin qarşısını alan ünsürlər
D vitamininin sintezində günəş işıqlarının önəmi artıq məlumdur. D vitamininin sintezi melanin piqmentindən asılıdır. Tünd rəng dərili uşaqlar açıq rəng dərili uşaqlara nisbətən daha çox günəş işığının təsirinə məruz qalmalıdırlar.
D Vitaminin qəbulunun azalması
Sosial iqtisadi vəziyyətin aşağı olması, düzgün pəhrizlərin olmaması və bəzən yeniyetmələrin düzgün qidalanmaması da D vitamini çatışmazlığına səbəb ola bilər.
Körpələrdə D Vitamininin çatışmazlığı
Körpələrin D vitamini tələbatı ana südü ilə qarşılanmayacaq qədər azdır, çünki ana südü 1 litrində 12-60 IU D vitamini vardır, lakin körpələrin gündəlik tələbatı 400 IU təşkil edir.
Sahə | Klinik Əlamətlər |
Ümumi vəziyyət | İnkişaf geriliyi, halsızlıq, şişkin qarın, əzələ zəifliyi, sümüklərdə qırıqlar, böyümə geriliyi, boy qısalığı. |
Baş | Kraniotabes, alın sümüyünün qabağa gəlməsi, əmgəyin gec bağlanması, gecikmiş diş çıxarma, diş çürükləri, kraniosinositoz. |
Döş qəfəsi | Raxitik təsbeh, Harrison şırımı, tənəffüs yolu infeksiyaları və atelektazlar. |
Bel | Skolyoz, kifoz, lordoz. |
Ətraflar | Əl və ayaq biləklərində genişlənmələr, qalça deformasiyaları, ayaqlarda X vari və ya O vari deformasiyalar, külək süpürməsi forması (bir ayaqda X vari, digərində O vari deformasiyası), bud çanaq oynağının düzgün formalaşmaması, ayaq ağrısı. |
Hipokalsiemik əlamətlər | Tetaniya, qıcolmalar, laringospazma görə olan fitəbənzər səs çıxarmalar. |
D Vitaminin gündəlik tələbatı
Food and Nutrition Board of the Commission on Life Sciences of the National Research Council-a görə, uşaqlara D vitamini 400 IU/gün, 50 yaşına qədər 200 IU/gün, 51-70 yaş arasında 400 IU/gün, daha sonra isə 600 IU/gün məsləhət görülür.
D Vitamininin çatışmazlığının müalicəsi
D vitamini çatışmazlığının müalicəsi əsasən iki üsul ilə aparılır:
- Aşağı dozada uzun müddətli müalicə: Vitamin D dozu və müddəti uşağın vəziyyətinə görə dəyişir.
- Stoss müalicəsi: Vitamin D 300,000-600,000 IU olaraq oral və ya intramüsküler 2-4 dozda gün aşırı verilir.
D Vitaminin həddindən artıq qəbul edilməsi
Böyük şəhərlərdə anaların uşaqlarına düzgün dozda D vitamini verməməsi və bəzən daha çox verməsi D vitaminin hipervitaminozuna səbəb ola bilər.