Azərbaycanda 6 ayda 279 nəfər qızılcaya, 11301 nəfər suçiçəyinə yoluxub
Ötən il Azərbaycanda 52 nəfər qızılca xəstəliyinə tutulub.
e-tibb.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata əsasən, xəstəliyə tutulanlardan 35 nəfəri kişi, 17 nəfəri qadın, 10 nəfəri isə 0-17 yaş qrupuna daxildir. Bundan başqa, 2018-ci ildə 15870 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb ki, onlardan 8517-si kişi, 7353-ü qadın, 13780-i 0-17 yaş aralığına aiddir.
Bu ilin statistikasına gəlincə, bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində 279 nəfər qızılca xəstəliyinə tutulub. Onlardan 140 nəfəri kişi, 139 nəfəri qadın, 62 nəfəri isə 0-17 yaş qrupunda olan xəstələrdir. Bundan başqa, 2019-cu ilin 6 ayı ərzində 11301 nəfər suçiçəyi xəstəsi kimi qeydə alınıb. Xəstələrdən 6089-u kişi, 5212-si qadın, 9543-ü isə 0-17 yaş aralığında olanlardır.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən il ölkə üzrə suçiçəyi xəstəliyindən biri qız, biri oğlan olmaqla 2 nəfər ölüb. Qızılca xəstəliyindən isə ölüm halı qeydə alınmayıb.