Təcili Tibbi Yardım Stansiyasında tədbir keçirilmişdir

20 noyabr Ümumdünya Yol-Nəqliyyat Hadisələri Qurbanlarının Xatirə Günü ilə əlaqədar Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında tədbir keçirilmişdir.

Tədbirdə qeyd edilmişdir ki, 2017-ci ilin ilk 10 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 567680-dan artıq ümumi müraciət daxil olmuşdur. Bu müraciətlərdən 52965-dən çoxu xəstəxanalara yerləşdirilmişdir.

Uşaqlar üçün edilən çağırışların sayı 65300-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 10480-dan artıq olmuşdur.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1600 nəfərdən çox olmuşdur. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 123375, hospitalizasiya 10287; miokard infarktı ilə müraciətlərin sayı 697, hospitalizasiya 657-ə yaxın; insultla müraciətlərin sayı 3100, hospitalizasiya 2772; doğuşla bağlı müraciətlərin sayı 2573, hospitalizasiya 2561; zədələnmələrin ümumi sayı 17250, hospitalizasiya 10734, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1937, hospitalizasiya 1691olmuşdur ki, bu rəqəmdə də keçən il ilə müqayisədə azalma qeyd edilir. Tibb müəssisəsindən kənar doğuşların sayı 83 olmuşdur ki, onların da hamısı hospitalizasiya olunmuşdur. BŞTvəTTYS-nın bölmələrinə birbaşa müraciətlərin sayı 31510, hospitalizasiya 2591 olunmuşdur.

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 20893-dür. Bunlardan da 2926-sı uşaqlardır. Hospitalizasiya 1915 təşkil edir. Bədbəxt hadisələr zamanı hospitalizasiya olunanların sayı 13962, bunların da 1915 nəfəri uşaqlardır.

Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini zədələnmələr təşkil edir. Statistik rəqəmlərə əsasən 2017-ci ilin 10 ayı ərzində BŞTvəTTYS-na nəqliyyat hadisəsi səbəbindən 1937 müraciət daxil olmuşdur. Bu hadisələr nəticəsində 1691 nəfər hospitalizasiya olunmuş.

Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı ilin 10 ayı ərzində baş verən 2020 nəqliyyat hadisələri nəticəsində 1771 nəfər hospitalizasiya olunmuşdur. Bu da avtoqəzaların sayında 83, hospitalizasiyada isə 80 halda azalma deməkdir.

Ötən il ilə müqayisədə ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən avtoqəzalar zamanı xəsarət alanların sayındakı azalma nəzərə çarpandır. Belə ki, ötən il avtobus qəzalarında xəsarət alanların sayı 79 idisə, bu il bu rəqəm 39-a düşmüşdür. Həmçinin kütləvi avtoqəzalar zamanı xəsarət alanların sayı da azalaraq 285-dən 202-yə enmişdir.

Bayram, istirahət günləri və axşam saatlarında qaranlıq düşdükdən sonra avtoqəzalar daha çox baş verir. Bu da istirahət və bayram günlərində nəqliyyat vasitələrinin sayının çoxluğu, həmçinin magistral yollarda hərəkətin intensivliyi ilə izah olunur. Axşam saatlarında avtoqəzaların sayının artmasına nəqliyyat vasitəsini idarə edən şəxslərin iş gününün sonunda yorğunluğu və bəzi yollarda işıqlandırmanın kifayət qədər olmaması da oz təsirini göstərir.

Yol nəqliyyat hadisələrinin azalması üçün piyadaların da yol hərəkəti qaydalarına əməl etmələri – yeraltı və yerüstü keçidlərdən istifadə etmələri vacib şərtlərdəndir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı