Azərbaycan Tibb Universiteti ilə Türkiyənin İstinye Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Türkiyənin hərtərəfli dəstəyini hər zaman hiss etmişik. Lakin 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin yanımızda olması, Azərbaycanın haqq işini dəstəkləməsi xüsusilə qürurverici oldu. Həmin dövrdə əməkdaşlıq etdiyimiz Türkiyə universitetlərindən və sıravi vətəndaşlardan, qardaş ölkədə olan məzunlarımızdan onlarla dəstək məktubları alırdıq. Bu, hər birimiz üçün çox böyük kömək idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli İstinye Universitetinin rektoru, professor Erdal Karaözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. Türkiyə-Azərbaycan birliyinin tarixi köklərə malik olduğunu qeyd edən rektor ATU-nun beynəlxalq əməkdaşlıq layihələrində Türkiyənin böyük yer tutduğunu bildirib. Qeyd edib ki, Tibb Universiteti Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq edir, müxtəlif istiqamətdə ortaq layihələr icra olunur. G.Gəraybəyli ikili diplom proqramının icrası, həmçinin tədris proqramındakı dəyişikliklər barədə də qonqlara məlumat verib.
İstinye Universitetinin rektoru, professor Erdal Karaöz Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu qeyd edərək bu birliyin təhsil və tibb sahəsində də yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, İstinye Universiteti 2015-ci ildə “21-ci Yüzyıl Anadolu” Vəqfi tərəfindən yaradılıb. 9 fakültəsi, 2 kollec və 3 institutu özündə birləşdirən İstinye Universiteti ATU ilə birgə əməkdaşlığın təməlini təşkil edəcək məsələlər barədə təkliflərini səsləndirib.
Görüşdə iki universitet arasında əməkdaşlıq perspektivləri, tələbələrin inkişafına yönələn layihələr, akademik heyət tərəfindən keçiriləcək qarşılıqlı master klasslar və s. haqqında geniş müzakirələr aparılıb.
Sonra Azərbaycan Tibb Universiteti ilə İstinye Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Daha sonra Erdal Karaöz ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Laboratoriyadan klinikaya qədər kök hüceyrə tətbiqləri” mövzusunda mühazirə ilə çıxış edib.