Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günüdür
Bakı, 8 avqust, AZƏRTAC
2004-cü ildən etibarən avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günü kimi qeyd edilir. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış professor, mikrocərrah-oftalmoloq Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, həmin günün təsis edilməsi ideyası isə Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsini yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.
Görmə elə duyğu orqanıdır ki, onun itməsi insan üçün əsl faciədir. Görmə qabiliyyətinin pisləşməsi insanın sosial imkanlarını əhəmiyyətli dərəcədə azaldır, ona fiziki və psixoloji problemlər yaradır. Oftalmoloqlar məhz sağlamlığın bu vacib məsələlərinin həlli ilə məşğul olurlar, hərçənd ki, göz xəstəliklərindən əziyyət çəkənlər heç də az deyil.
Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, səmərəli müalicə və profilaktika aparmağa imkan verir, lakin mütəxəssislər onun profilaktikası ilə məşğul olmağı daha vacib hesab edirlər.
Həkim və mütəxəssislər zərərli vərdişlərdən uzaq olmağı, gözləri Günəşin ultrabənövşəyi şüalarından qorumaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etməyi, qanda şəkərin, təzyiq və xolesterinin səviyyəsini nəzarətdə saxlamağı, A vitamini, Omeqa-3 və antioksidantlarla zəngin məhsullarla qidalanmağın vacib olduğunu bildirirlər. Həkimlər xüsusilə uşaqların 3D formatında çəkilmiş filmlərə baxmağını məsləhət görmürlər.
Azərbaycanda gənc oftalmoloqların hazırlanması və oftalmologiyanın inkişafına akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir, həmçinin kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.