ATU-nun Tədris Cərrahiyyə Klinikasında xeyriyyə aksiyası keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində ənənəvi xeyriyyə aksiyası keçirilib.
Aksiya zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərkən sağlamlığını itirənlər, eləcə də şəhid ailələrinin üzvləri və Tibb Universitetində təhsil alan aztəminatlı tələbələr ödənişsiz əməliyyat olunublar. Universitetdə təhsil alan 2 aztəminatlı tələbə ödənişsiz eksimer lazer əməliyyatı, refraksion problemi olan 5 tələbə üzərində isə iki gözündə eksimer cərrahiyyə əməliyyatı aparılıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun AZƏRTAC-a verdiyi məlumat görə, universitetin rektoru, professor Gəray Gəraybəylinin və klinikanın oftalmologiya şöbəsinin təşəbbüsü ilə həyata keçirilən xeyriyyə aksiyaları davamlı olaraq keçiriləcək və semestrləri uğurla başa vuran aztəminatlı ailələrdən olan tələbələrə güzəştlər ediləcək.
Onu da qeyd edək ki, indiyədək keçirilən aksiyalar zamanı 134 tələbə əməliyyat olunub və onlardan 47-si builki tədris ilində edilib.