Aşurada toplanan qanın müayinəsi başladı
“Bu il Aşura mərasimində keçirilən qanvermə aksiyasında iştirak edənlərin sayı ötən illə müqayisədə kifayətə qədər çox idi. Dolayısı ilə toplanan qanın miqdarında da artım var”.
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə ƏlimirzəyevanınPublika.az-a verdiyi məlumata görə, Aşura günü keçirilən qanvermə aksiyasında gün ərzində 5539 nəfər iştirak edib. Aksiya nəticəsində 2492.6 litr qan toplanıb.
Onun sözlərinə görə, ötən il 3827 nəfər iştirak etmişdi, 1722.3 litr qan toplanmışdı: “Gün ərzində saat 18:00-a qədər müraciətlər qeydə alındı. Sonuncu müraciətə qədər tibb işçiləri xidmət göstərdilər. Bu gün səhər saatlarında belə İnstituta qan vermək üçün müraciət edənlər olub. Bəzi xəstəliklərinə görə onlardan qan götürülməyib. Bu aksiyada iştirak edən və həssas yanaşan hər kəsə təşəkkür edirik. Bakı ilə yanaşı bölgələrdə də müraciətlərdə artım qeydə alınmışdı. Təkcə Gəncə şəhərində İmamzadə kompleksində təşkil edilən aksiyada 540 nəfər qan verib”.
Z.Əlimirzəyeva bildirib ki, qanvermə aksiyası problemsiz yekunlaşıb: “Qan verənlərin səhhətində yüngül narahatlıqlar, təzyiqin düşməsi kimi hallar qeydə alındı. Lakin təcili yardım briqadaları ərazidə idi. Onlar həmin şəxslərə tibbi yardım göstərirdi”.
Z.Əlimirzəyeva onu da vurğulayıb ki, rayonlarda toplanan qan həmin region üzrə Qan banklarında, Bakıda isə Mərkəzi Qan Bankında yoxlanılacaq: “Təbii ki, həmin qanlar arasında bir sıra infeksiyalar aşkarlanacaq. Əslində, bu aksiya həm də əhalinin dispanzerizasiyasıdır. Yaxın 1-2 həftə ərzində qan nümunələrinin müayinəsi yekunlaşacaq”.
Gülxar