Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına yeni rəhbərlik təyin olunub
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına yeni rəhbərlik təyin edilib.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək Pərviz Hacıyev ixtisasca uroloqdur. O, yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq kimi çalışıb.
Pərviz Hacıyev 2001–2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr təhsili alıb, 2010–2015-ci illərdə urologiya, 2016–2019-cu illərdə isə uşaq urologiyası üzrə uzmanlıq təhsilini tamamlayıb.
Bundan əlavə, xəstəxanada direktor müavini – baş həkim vəzifəsinə Elçin Mustafayev təyin olunub. O da ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Elçin Mustafayev 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2002–2004-cü illərdə Moskva Urologiya Elmi-Tədqiqat Universitetində klinik ordinatura, 2004–2007-ci illərdə isə aspirantura təhsili alıb. O, 2007-ci ildə Moskva Urologiya Elmi-Tədqiqat İnstitutunda elmi işini müdafiə edib, 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri namizədi elmi dərəcəsi təsdiqlənib.
Qeyd edək ki, bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, onlara müvafiq tapşırıq və tövsiyələrini verib.