Ağız sağlamlığının şərtləri
Bakı, 22 iyul, AZƏRTAC
Dişlər insan orqanizminin sərt toxuması hesab olunur və üç hissədən – mina, dentin və sement qatından ibarətdir. Onu əhatə edən periodont toxuması isə dişləri qan damarları və sinirlərlə təchiz edir.
Respublika Stomatoloji Mərkəzinin həkim-stomatoloqu Fidan Abdullayeva bu sözləri AZƏRTAC-a ağız sağlamlığı haqqında danışarkən deyib. Onun verdiyi məlumata görə, sağlam dişlərə sahib olmağın əsas şərtlərindən biri çox sərt, şəkərli, duzlu, bir sözlə, ağız boşluğunu qıcıqlandıran qidalardan bir qədər uzaq durmaqdır: “Həmin qidalar qəbul edildikdə dişlər firçalanmalı, yaxalanmalı, qarqara edilməli və hər altı aydan bir həkim muayinəsindən kecirilməlidir. Bunun vaxtında edilməməsi nəticəsində dişlərdə karies boşluqlar yaranır, gecikdirdikdə isə sistematik səkildə digər dişlərə də keçir, qidalanmada problemlər yaranır, ağrıların olması isə qidanın bütöv səkildə ağız boşluğundan çeynənmədən mədəyə düşməsinə, dişlərdə isə ərp və daşların əmələ gəlməsinə səbəb olur”.
Müsahibimiz qeyd edib ki, ağız sağlamlığına riayət edilməməsi ümumilikdə orqanizm uçun ciddi fəsadlar yarada bilər: “Ağız boşluğunun gigiyenasını qorumaq uçun diş fırçası, pasta və diş ipləri çox böyük rola malikdir. Fırçaların ən geci üç aydan bir, zərurət olduqda isə hər ay dəyişdirilməsi məsləhət görülür”.