Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 140-a çatdırılıb
Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentliyin) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 115-dən 140-a qədər artırılıb.
Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Şirvan, Salyan, Masallı və Lənkəran da var.
Sözügedən tibb müəssisələrinin 81 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 19 %-i isə regionların payına düşür.
Bu ilin yanvar-avqust ayları üzrə göndəriş alan vətəndaşlara müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 100 550 tibbi xidmət göstərilib. Bu xidmətlərin 1 906-dan uşaqlar, 98 644-dən böyüklər yararlanıb. Sözügedən əməliyyat və prosedurlardan:
- 32 708-ni ürək-damar;
- 29 645 -ni oftalmoloji;
- 23 321-ni invaziv radioloji xidmətlər təşkil edib.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.
Vətəndaş göndəriş vərəqəsi olmadan müqaviləli tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri qurumun rəsmi internet səhifəsində (https://its.gov.az/page) yerləşdirilib. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.