Zorakılığa məruz qalmış uşaqlarla işləyən tibb işçiləri üçün üçgünlük təlim keçirilir
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-dan mayın 2-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) uşaqların zorakılıqdan uzaq, sağlam mühitdə böyüməsi üçün nəzərdə tutulan profilaktik və reabilitasiya tədbirlərinə dair təlim keçirilir. İSİM və “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə həyata keçirdiyi təlimdə ilkin səhiyyə xidməti sahəsində çalışan həkimlər, məktəb psixoloqları iştirak edirlər.
Bu barədə AZƏRTAC-a İSİM-in mətbuat xidmətindən bildirilib.
İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, məktəbdə, həyətdə, məişət zəminində fiziki və ya mənəvi zorakılıq halları ilə qarşılaşan uşaqlara lazımi tibbi-psixoloji yardım göstərilməsi üçün tibb işçilərinin bilik və bacarıqlarının artırılması bu gün olduqca vacib məsələdir: “Zorakılıq halları ilə üzləşən uşaqlar özünə qapanır, depressiyaya düşürlər, bu vəziyyət azyaşlının intihar etməsinə səbəb ola bilir. Bu halların baş verməsinin qarşısını almaq üçün zərər çəkmiş şəxslərə tibbi-psixoloji yardım təcili və təxirəsalınmaz formada, düzgün sistematik qaydada aparılmalıdır”.
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova belə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, zərərçəkmiş şəxslərə göstərilməli olan xidmətdən söz açıb, qarşılaşdığı hadisələrdən əldə etdiyi təcrübələri iştirakçılarla bölüşüb.
İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva çıxış edərək, cəmiyyəti zorakılığa qarşı daha fəal mübarizəyə çağırıb, hər kəsin bu məsələyə həssas, qayğıkeş yanaşmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə dünyada və ölkəmizdə baş verən zorakılıq halları ilə bağlı statistik məlumatları qeyd edib, uşaqlara qarşı zorakılığın risk faktorları və bu istiqamətdə səhiyyə müəssisələrində çalışan əməkdaşların peşəkar fəaliyyətinin vacibliyindən danışıb.
İSİM-in tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova zorakılığın qurbanı olan uşaqların aşkarlanması, onların vəziyyətlərinin qiymətləndirilməsi, yetkinlik yaşına çatmayan uşaqların müayinəsi, zorakılığa məruz qalmış uşaqlarla aparılan tədbirlər üzrə tövsiyələr və sənədləşdirmə işləri, normativ hüquqi sənədlər, uşaqlara qarşı zorakılığın profilaktikası mövzuları üzrə ətraflı məlumat verib.
Zorakılığa məruz qalmış uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzinin klinik psixoloqu Gülşən Axundova zorakılığa məruz qalan uşaqlara tibb işçilərinin ilkin psixoloji dəstəyinin aspektlərini danışıb və qrup işi keçirərək müəyyən hadisələrdə psixoloqların göstərməli olduqları münasibəti və addımları əyani olaraq izah edib.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun poliklinika şöbəsinin müdiri Gülnarə Rzayeva zorakılığa məruz qalan qızların reabilitasiyası işinin aparılması qaydaları barədə həkimləri məlumatlandırıb.
Üçgünlük təlimin yekun günündə iştirakçılara qiymətləndirmə məqsədilə yazılı test imtahanı keçirilməsi və sertifikatların təqdim olunması nəzərdə tutulub.