Yuxusuzluq insult riskini 51 faiz artırır
Bakı, 8 iyun, AZƏRTAC
Yuxuya getməkdə çətinlik çəkən insanların insult keçirmə ehtimalı daha yüksəkdir. Virginia Commonvealth Universitetinin (VCU) alimləri uzunmüddətli yuxusuzluğun insult riskini 51 faiz artırdığını deyib.
AZƏRTAC “StudyFinds” saytına istinadla bildirir ki, insult qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bəzən yuxusuzluq, erkənoyanma, gecə oyandıqdan sonra yata bilməmək insultun ilkin simptomlarına daxil edilir. VCU-nin tədqiqat komandası yuxusuzluq əlaməti olan insanlarda insult riskinin 51 faizə qədər yüksəldiyini aşkar edib. Yuxusuzluq və insult xəstəliyi arasında əlaqə 50 yaşdan aşağı şəxslərdə daha güclü olub. VCU tədqiqatçıları layihə başlayan müddətdən insult keçirməyən insanları 9 il ərzində izləyiblər və yuxusuzluq səbəbindən depressiya, diabet, hipertoniya, ürək xəstəliyi kimi bir çox problemin yarandığını müşahidə ediblər.
Araşdırmanın müəllifi Vendemi Savadogo insanlarda düzgün yuxu rejimi yaratmağa kömək edə biləcək bir çox müalicənin olduğunu deyib: “Uzunmüddətli yuxusuzluq insult riskinin artırır. Tədqiqatın nəticələri yuxu problemləri yaşayan insanlar üçün daha erkən diaqnoza və müalicələrə imkan yaradır. Bu isə öz növbəsində insult riskini azaldır. Yaşlı insanlar düzgün yuxu rejiminə daha ciddi əməl etməlidir. Yüksək qan təzyiqi və diabet kimi xəstəlikləri olan insanların yanaşı xəstəlik kimi yuxusuzluqdan əziyyət çəkməsi çox təhlükəlidir. Aparılan tədqiqat yuxusuzluq əlamətlərinin daha gənc yaşda idarə edilməsinin insultun qarşısının alınması üçün təsirli strategiya olduğunu göstərir”.
Araşdırma “Neurology” jurnalında dərc olunub.