Yenidoğulmuşlarda kəskin tənəffüs çatışmazlığı: etiologiya, diaqnostika və müalicə prinsipləri. Həkim Nərmin Əzizova
Tənəffüs çatışmazlığı — toxumalara adekvat oksigenin çatdırılmasının və karbon qazının bədəndən xaric edilməsinin qeyri-kafi olması ilə xarakterizə olunan ağır klinik vəziyyətdir. Yenidoğulmuşlarda bu hal, tənəffüs yükü ilə ağciyərlərin ventilyasiya qabiliyyəti arasındakı balansın pozulması nəticəsində meydana çıxır və neonatal reanimasiya və intensiv terapiya şöbələrinə qəbulun əsas səbəblərindən biridir.
Neonatal tənəffüs yollarının anatomik və funksional xüsusiyyətləri
Yenidoğulmuşlarda hava yollarının dar olması, döş qəfəsinin yüksək elastikliyi və aşağı funksional rezidual tutum (FRT) tənəffüs çatışmazlığına meyllilik yaradır.
Alveolların açıq qalmasında əsas rol oynayan surfaktantın çatışmazlığı hava yollarının çökməsinə, ventilyasiya-perfuziya uyğunsuzluğuna və qaz mübadiləsinin pozulmasına səbəb olur.
Keysəriyyə ilə doğulan körpələrdə və azgestasiyalı uşaqlarda bu risk daha yüksək olur.
Etiologiya
Yenidoğulmuşlarda kəskin tənəffüs çatışmazlığı çoxfaktorludur. Aşağıdakı cədvəldə əsas səbəblər ümumiləşdirilib:
Cədvəl 1.1. Yenidoğulmuşlarda tənəffüs çatışmazlığının əsas etioloji səbəbləri
| Səbəblər | Nümunələr |
| Yuxarı tənəffüs yollarına aid patologiyalar | Burun tıxanıqlığı, xoanal atreziya, mikroqnatizm, Pierre-Robin sindromu, larinqeal atreziya, subqlottik stenoz, larinqeal kist, traxeobronxomalaziya, traxeo-ezofageal fistula və s. |
| Aşağı tənəffüs yollarına və ağciyərə aid patologiyalar | Respirator distress sindromu (RDS), tranzitor taxipnoe, pnevmoniya, pnevmotoraks, davamlı pulmonar hipertenziya, plevral effuziya, surfaktant çatışmazlığı və s. |
| Kardiyovaskulyar səbəblər | Anadangəlmə ürək qüsurları, kardiomiopatiya, perikard efüziyası, ürək ritm pozğunluğu |
| Döş qəfəsinə aid səbəblər | Diafraqma yırtığı, döş qəfəsi deformasiyaları, torakal kütlələr |
| Neyromüskulyar səbəblər | Hipoksik-işemik ensefalopatiya, anadangəlmə miotonik distrofiya, spinal müskulyar atrofiya, neonatal myasthenia gravis |
| Digər səbəblər | Sepsis, metabolik asidoz, hipotermiya, hipertermiya, anemiya, polisitemiya və s. |
Patofiziologiya
Patoloji proses bir neçə əsas mexanizmlə əlaqədardır:
- Alveolyar ventilyasiyanın pozulması — surfaktant çatışmazlığı və atelektaz nəticəsində.
- Qaz diffuziyasının azalması — alveolyar-kapilyar baryerin qalınlaşması və ödem səbəbindən.
- Ventilyasiya-perfuziya uyğunsuzluğu — obstruksiya və ya atelektazla bağlı.
- Pulmonar hipertenziya və sağdan-sola şuntlaşma.
- Nevroloji tənzimlənmənin pozulması — tənəffüs mərkəzinin zədələnməsi.
- İltihabi mediatorların təsiri — sepsis və infeksiyalarda diffuz alveolyar zədələnmə.
Klinik əlamətlər
- Tənəffüs əlamətləri: taxipnoe, retraksiyalar, burun qanadlarının hərəkəti, sianoz, inilti tənəffüs, apnoe.
- Kardiyak əlamətlər: taxikardiya və ya bradikardiya, hipotoniya, periferik soyuqluq.
- Nevroloji simptomlar: letarji, hipoaktivlik, reflekslərin zəifləməsi.
Cədvəl 1.2. Silverman–Anderson şkalası
| Parametr | 0 bal | 1 bal | 2 bal |
| Üst döş qəfəsi hərəkəti | Simmetrik | İnspirasiyada qısa fasilə | Uyğunsuz (asimmetrik) |
| İnterkostal retraksiya | Yoxdur | Zəif | Aydın müşahidə olunur |
| Ksifoid retraksiyası | Yoxdur | Zəif | Aydın müşahidə olunur |
| Burun qanadlarının hərəkəti | Yoxdur | Zəif | Aydın müşahidə olunur |
| İnilti tənəffüs | Yoxdur | Stetoskopla eşidilir | Kənardan eşidilir |
Nəticə:
0–3 bal: tənəffüs çatışmazlığı yoxdur
4–6 bal: orta dərəcəli
7–10 bal: ağır tənəffüs çatışmazlığı
Cədvəl 1.3. Downes şkalası
| Parametr | 0 bal | 1 bal | 2 bal |
| Sianoz | Yoxdur | Otaq havasında | ≥40% FiO₂ ehtiyacı |
| Retraksiyalar | Yoxdur | Zəif | Aydın müşahidə olunur |
| İnilti tənəffüs | Yoxdur | Stetoskopla eşidilir | Kənardan eşidilir |
| Hava axını | Yaxşı | Azalmış | Çətin eşidilir |
| Tənəffüs sayı | <60/dəq | 60–80/dəq | >80/dəq və ya apnoe |
Nəticə:
4 bal — klinik tənəffüs çətinliyi
7 bal — tənəffüs çatışmazlığı
Diaqnostika
Diaqnostika sürətli və çoxşaxəlidir:
- Anamnez və doğuş məlumatlarının toplanması.
- Fiziki müayinə və oksigen saturasiyasının qiymətləndirilməsi.
- Arterial qan qazlarının analizi (PaO₂, PaCO₂, pH).
- Ağciyər rentgenoqrafiyası: RDS-də diffuz “ground glass” görünüşü, mekoniya aspirasiya sindromunda mozaik dəyişikliklər.
- Əlavə müayinələr: qan analizi, hemo-kultura, exokardioqrafiya, döş qəfəsinin USM.
Müalicə prinsipləri
Yenidoğulmuşlarda kəskin tənəffüs çatışmazlığının müalicəsi kompleks yanaşma tələb edir.
1. Ventilyasiya və ağciyər dəstəyi
- Qeyri-invaziv ventilyasiya (CPAP, NIPPV) ilkin seçimdir.
- Ağır hallarda invaziv mexaniki ventilyasiya və yüksək tezlikli ventilyasiya (HFOV) tətbiq edilir.
- Surfaktant terapiyası erkən dövrdə başlanmalıdır.
Hesab edirəm ki, surfaktantın vaxtında və düzgün texnika ilə tətbiqi yalnız ağır respirator distress sindromu hallarında deyil, həm də orta dərəcəli klinik formalar zamanı profilaktik effekt göstərə və ventilyasiya müddətini azalda bilər.
2. Pulmonar və hemodinamik stabillik
- Asidozun korreksiyası və pulmonar vazodilatator (azot oksidi) tətbiqi.
- Hipovolemiyanın aradan qaldırılması və inotrop dəstək (dopamin, dobutamin).
Hesab edirəm ki, erkən mərhələdə hemodinamik monitorinqin genişləndirilməsi və fərdiləşdirilmiş inotrop terapiya nəticələri yaxşılaşdıra bilər.
3. Oksigen istifadəsinin optimallaşdırılması
- Hədəf saturasiya səviyyəsi: 90–95%.
- Normotermiyanın qorunması və sedasiyanın minimal saxlanması.
4. Əlaqədar xəstəliklərin müalicəsi
- Sepsis, hipoksik-işemik ensefalopatiya, metabolik pozğunluqların korreksiyası.
- Ağırlıq dərəcəsinə görə terapevtik hipotermiya və ya EKMO tətbiqi mümkündür.
Ağırlaşmalar
Vaxtında müalicə olunmadıqda aşağıdakı ağırlaşmalar yarana bilər:
Hipoksemiya və hiperkapniya nəticəsində beyin hipoksiyası, metabolik asidoz.
Ventilyasiya ilə bağlı travmalar: pnevmotoraks, bronxopulmonar displazi.
İnfeksiya: ventilyasiya ilə əlaqəli pnevmoniya.
Nevroloji nəticələr: IVH, PVL, inkişaf geriliyi.
Uzunmüddətli proqnoz və dispanser müşahidə
Erkən diaqnostika və kompleks müalicə sağ qalma göstəricilərini artırır.
İntensiv terapiyadan çıxan körpələrdə nevroloji inkişaf, tənəffüs funksiyası və qidalanma vəziyyəti davamlı olaraq izlənməlidir.
Hesab edirəm ki, bu uşaqların uzunmüddətli müşahidəsi təkcə tibbi deyil, həm də psixo-sosial reabilitasiya baxımından vacibdir və multidissiplinar komanda tərəfindən aparılmalıdır.
ÜST-ün tövsiyələri
Tənəffüs dəstəyi:
Kəskin respirator çatışmazlıq zamanı CPAP ilkin seçim olmalı, ağır hallarda mexaniki ventilyasiyaya keçilməlidir. Oksigen verilməsi pulso-oksimetriya ilə nəzarət altında aparılmalıdır.
Surfactant terapiyası:
Vaxtından əvvəl doğulan körpələrdə surfaktant çatışmazlığı hallarında ilk saatlarda əvəzləyici terapiya tətbiq olunmalıdır.
Antenatal kortikosteroidlər:
24–34-cü hamiləlik həftələri arasında preterm doğuş riski olduqda antenatal steroidlər verilməlidir — bu, ağciyərlərin maturasiyasını sürətləndirir.
Termal və qidalanma qayğısı:
Normotermiyanın qorunması, erkən ana südü ilə qidalanma və kangaroo ana baxımı neonatal stabilizasiyanın vacib tərkib hissəsidir.
Təlim və təhlükəsiz mühit:
Neonatal reanimasiya və ventilyasiya aparan personal xüsusi təlim keçmiş olmalı, bütün müdaxilələr üçün standart protokollar təmin edilməlidir.
Ədəbiyyat və istinadlar
- World Health Organization (WHO). Standards for Improving the Quality of Care for Small and Sick Newborns in Health Facilities. Geneva: WHO; 2020.
- World Health Organization (WHO). Recommendations on Interventions along the Life Course: Newborn Care. WHO Handbook; 2023.
- World Health Organization (WHO). Recommendations on Antenatal Corticosteroids for Improving Preterm Newborn Outcomes. Geneva: WHO; 2022.
- Cloherty JP, Eichenwald EC, Hansen AR, Stark AR. Manual of Neonatal Care. 9th ed. Wolters Kluwer; 2022.
- Kliegman RM, St. Geme JW, Blum NJ, Shah SS, Tasker RC, Wilson KM. Nelson Textbook of Pediatrics. 21st ed. Elsevier; 2023.
