Yeni Klinikanın Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsi Mükafatlandırıldı

TƏBİB-in təşkilatçılığı ilə seminar keçirildi

Yeni Klinikada TƏBİB-in təşkilatçılığı ilə “Neonatal xidmətdə yeni çağırışlar” adlı seminar baş tutub. “Kiçik ürəklərin böyük ümidləri naminə!” şüarı ilə keçirilən tədbirdə doğuşayardım xidməti göstərən tibb müəssisələrində neonatal xidmətə cavabdeh şəxslər iştirak ediblər. Seminara TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov sədrlik edib.

Ana və uşaq sağlamlığı diqqət mərkəzində

Açılış nitqində A. İsrafilov ana və uşaq ölümü göstəricilərinin səhiyyənin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, mövcud qüsurların aradan qaldırılması və yeniliklərin tətbiqinin vacibliyini vurğulayıb. TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva isə neonatal ölümlərin azaldılmasında problemlərin təhlilinin, təxliyələrin minimuma endirilməsinin və hesabatlılığın gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Elmi məruzələr və müzakirələr

Seminarda bir sıra ekspertlər çıxış ediblər:

  • Könül Əliyeva (Yeni Klinikadan) – “Yenidoğulmuş dövrdə sarılıq: risklər, idarəetmə və nəticələr” mövzusunda.

  • Emil Nuriyev (Respublika Pediatriya Mərkəzi) – “Neonatologiyada tənəffüs problemləri: risk faktorları, klinik yanaşma, müasir müalicə metodları” mövzusunda.

  • Yeganə Ağayeva (Sumqayıt Perinatal Mərkəzi) – “Neonatologiyada təxliyə: təhlükəsiz təxliyənin təşkili qaydaları” mövzusunda.

  • Vəfa Hacıyeva (TƏBİB) – “Neonatal skrininqlər: gələcəyimizin genetik sağlamlığı” mövzusunda.

Çıxışlarda yenidoğulmuşlarda rast gəlinən əsas problemlər, onların qarşısının alınması yolları, skrininqlərin əhəmiyyəti və müasir müalicə metodları müzakirə olunub.

Milli protokollar təqdim olundu

Tədbirdə iştirak edən 100-ə yaxın tibb işçisinə neonatal xidmətlə bağlı 6 mövzu üzrə yenilənmiş milli klinik protokol nümunələrindən ibarət toplu təqdim edilib.

“Xilaskar komanda” təşəkkürnaməsi

Seminarın sonunda vaxtından əvvəl doğulmuş körpələrin keyfiyyətli yaşadılması sahəsində göstərdikləri yüksək nəticələrə görə Sumqayıt Perinatal Mərkəz, Respublika Pediatriya Mərkəzi və Yeni Klinikanın müvafiq komandalarına “Xilaskar komanda” adlı təşəkkürnamələr təqdim olunub. Yeni Klinika adından təşəkkürnaməni həkim-neonatoloq Könül Əliyeva qəbul edib.