"Yeni Klinika"nın testlərinə 18 mln. xərclənəcək

“Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınmasına 18 mln. manatdan çox vəsit ayrılıb.
Valyuta.Az dövlət satın alamaların vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı artıq İnnovasiya və Təchizat Mərkəzi PHŞ (Bundan sonra “Mərkəz”) müvafiq tender elan edib.
Tender 1 may 2025-ci il tarixinə qədər davam edəcək. Satınalma predmetinin ehtimal olunan qiymət isə 18.240.442,56 AZN-dir.
Qeyd edək ki, Mərkəz bundan öncə də dəfələrlə dəyəri 10 milyon manatdan yüksək olan tenderlər elan edib.
Bəs həmin iri məbləğli tenderlərin qalibləri hansı şirkətlər olub?
Araşdırmalarımız zaman məlum olub ki, Mərkəzin elan etdiyi və dəyəri 10 milyon manatdan çox olan tenderlərini ən çox udan şirkətlər “AvroMed Company” QSC və “Zeytun Pharmaceuticals” MMC olub.
“AvroMed Company” QSC-nin udduğu tenderlərin məbləği: 29.832.895,7 AZN, 10.225.844,9 AZN, 50.239.833,4 AZN, 16.163.734,4 AZN, 10.042.151,76 AZN
“Zeytun Pharmaceuticals” MMC-nin udduğu tenderlərin məbləği: 19.158.724,31 AZN, 16.208.345,48 AZN, 10.380.175,92 AZN, 12.385.443,31 AZN, 11.811.210 AZN
“Zeytun Pharmaceuticals” MMC tez-tez Mərkəzin elan etdiyi tenderlərdə qalib gəlir.
Xəbər verdiyimiz kimi ötən il tərəflər arasında ümumi dəyəri 53 mln. manatdan çox olan 10-dan çox müqavilə imzalanıb. Cari ildə də tərəflər arassında artıq bir neçə müqavilə imzalanıb. Onlarla BURADAN tanış ola bilərsiniz.
“AvroMed Company” QSC-yə gəldikdə isə 2011-ci ilədək şirkətin qanuni təmsilçisi Feyziyev Cavanşir Əyyub oğlu olub. Cavanşir Feyizyev deputatdır. Onun deputatlıq karyerası 2015-ci ildən başlayır.
Cavanşir Feyziyevlə bağlı bioqrafik məlumatlarda isə onun 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd edilib. İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.
2015-ci ildən 2020-ci ilədək isə şirkəti Baxşıyeva Əzizə Cavanşir qızı təmsil edib. Əzizə Baxşıyeva Cavanşir Feyziyevin qızıdır. Bütün bunlar şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə iddialara səbəb olub.
2020-ci ildə isə “Avromed Company” QSC-nin yaydığı açıqlamada bildirilir ki, Cavanşir Feyziyev 2016-cı ildə səhmlərini satıb. Lakin deputatın qızı Əzizə Baxşıyevanın 2020-ci ilədək şirkətin qanuni təmsilçisi olması şirkətin açıqlamasına şübhə ilə yanaşmağa əsas verir.
Rəhim