Yeni Klinikanın Neonatologiya komandası 1.110 kq çəkidə doğulan körpənin həyatını xilas edib

Yeni Klinikanın Neonatologiya komandası növbəti dəfə yüksək peşəkarlıq nümayiş etdirərək ağır vəziyyətdə olan, 1.110 kq çəkidə və kritik göstəricilərlə doğulmuş körpənin həyatını xilas edib.
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, 38 yaşlı ana 3 illik sonsuzluqdan sonra ikinci hamiləliyində, 31-ci həftədə ciddi tibbi risklərlə üzləşib. Oliqohidroamnioz və preeklampsiya diaqnozları ilə hamiləlik gedişatı mürəkkəbləşib və nəticədə tibb müəssisəsinin Mama-Ginekologiya şöbəsində keysəriyyə əməliyyatına alınıb.
Doğulan körpədə morfofunksional pozğunluqlar və ağır tənəffüs çatışmazlığı müşahidə olunub. Vəziyyətin ağırlığı nəzərə alınaraq, 1.110 kq çəkidə olan yenidoğulmuş dərhal Neonatal intensiv terapiya şöbəsinə yerləşdirilib və küvez rejimində daimi monitor nəzarəti altında saxlanılıb, süni ventilyasiya cihazı ilə respirator dəstək tətbiq edilib.
Müalicə prosesində körpədə hipotenziya (qan təzyiqinin düşməsi), oliqouriya (sidik ifrazının azalması), anuriya (tam sidiksizlik) və şişkinlik müşahidə olunub. Körpənin həyati funksiyalarını dəstəkləmək və orqanizmdən toksinləri təmizləmək məqsədilə postnatal dövrün 6-cı günündə təcili olaraq periton dializi proseduruna başlanılıb.
Yenidoğulmuşun müalicəsi Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyevin rəhbərliyi ilə peşəkar tibbi heyət – Cəmilə Əhmədova, Könül Əliyeva, Hilal Budaqova, Güləndam Abdullayeva və İlahə Cəfərovanın operativ müdaxiləsi, yüksək peşəkarlığı nəticəsində uğurla həyata keçirilib. Körpə postnatal dövrün 64-cü günündə, 1.825 kq çəki ilə sağlam şəkildə ailəsinə təhvil verilib.
Qeyd edək ki, keysəriyyə əməliyyatı, bu çəkiyə malik bir körpəyə periton dializinin uğurla tətbiqi və ümumi müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.