"Yeni klinika"da gənc kadrlarla görüş keçirildi
Bu gün “Yeni klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev klinikanın gənc kadrları ilə görüşüb.
Görüşdə tibb müəssisəsində çalışan 300 nəfərədək tibb və qeyri-tibb personalı iştirak edib.
Tədbirdə çıxış edən C.Paşayev son dövrlərdə ölkəmizdə tibb sahəsində əldə edilən uğurlardan, icbari tibbi sığortanın tətbiqi ilə vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən mühüm işlərdən danışıb.
C.Paşayev həmçinin “Yeni klinika”nın Qafqazın ən böyük tibb müəssisəsi olduğunu xatırladaraq, qarşıya qoyulmuş hədəfə nail olmaq üçün səmərəli fəaliyyətin önəmini qeyd edib.
Tibb müəssisəsinin əməkdaşlarının 65 faizinin gənclərdən ibarət olduğunu vurğulayan C.Paşayev yerli və xarici təhsil müəssisələrində təhsil alan və son 3 ayda işə qəbul olunan əməkdaşların əmək fəaliyyətilə də maraqlanıb, müvafiq tövsiyələr verib.
Görüş təkliflərin dinlənilməsi və sual-cavab hissəsilə başa çatıb.