Yeni Klinikada 800 mindən çox topuq testi müayinəsi aparılıb
2025-ci ilin ilk doqquz ayı ərzində Yeni Klinikanın Daban testi otağında 847 644 topuq testi müayinəsi aparılıb. Müayinələrdən keçən 169 529 yeni doğulmuş körpədən 114-nün cavabı pozitiv nəticələnib.
Pozitiv nəticə göstərən uşaqların valideynləri aidiyyəti üzrə tibb müəssisələrinə dəvət olunub, onlara aşkarlanan xəstəliklərə uyğun olaraq hansı ixtisaslı həkimə müraciət etmələri barədə məlumat verilib və maarifləndirici tədbirlər həyata keçirilib.
Məlumata görə, TƏBİB tabeli tibb müəssisələrində yerləşən doğum şöbələrində yeni doğulan körpələrdən götürülən topuq testi nümunələri laborator müayinə üçün Yeni Klinikaya göndərilir. Klinikada yerləşən xüsusi laboratoriyada “Guthrie kartları” adlanan filtr kağızları üzərində aparılan analizlər zamanı qan nümunələrində bir sıra irsi və metabolik xəstəliklərin izləri araşdırılır. Bu xəstəliklərə fenilketonuriya, qalaktozemiya, kistik fibroz, adrenogenital sindrom və hipotireoz daxildir.
Müayinələr ixtisaslaşmış və xüsusi təlimlər keçmiş peşəkar mütəxəssislər tərəfindən aparılır. Topuq testi zamanı uşağın topuq nahiyəsindən qan nümunəsi götürülür. Nümunə, vaxtında doğulan və qidalanmağa başlayan körpələrdə doğuşdan 2 gün sonra, vaxtından əvvəl doğulanlarda isə 1 həftə sonra götürülür.
Qeyd edək ki, topuq testi nümunələrinin götürülməsi, müayinəsi və aşkarlanan xəstəliklərin müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələrində həyata keçirilir.