Yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı həyata keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 14-ü və 15-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində cari ilin fevral ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı Səhiyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 13 oktyabr tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, təyinatda pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə 69 həkim-mütəxəssis iştirak edib. Həkim-mütəxəssislər təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud vakant yerlərdən seçim etmiş və onlara iş yerlərinə göndəriş verilib.
Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidir.