Yeddi günlük təcrid müddəti yanvarın 24-dən əvvəl PZR test nəticəsi “müsbət” olanlara da şamil edilir
Bakı, 25 yanvar, AZƏRTAC
Son günlər səhiyyə qurumlarına edilən çoxsaylı müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinin 2021-ci il noyabrın 27-də verilmiş qərara edilmiş dəyişikliklərə əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yeni mutasiyasına yoluxanların 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PZR test nəticəsi “müsbət” olan şəxslərə və onların müəyyən olunmuş “sıx təmaslı”larına da şamil edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilib.
Məlumatda bildirilir ki, “omikron” ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumları tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmək xahiş olunur.
Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırır.