Yararlılıq müddəti bitmiş kosmetik vasitələrdən istifadə fəsadlara səbəb ola bilər
Bakı, 27 mart, AZƏRTAC
İstifadə müddəti bitmiş kosmetik vasitələr sonradan bir sıra fəsadlara səbəb ola bilər. Araşdırmalar göstərir ki, kosmetikadan istifadə edənlərin 80 faizi həmin vasitələrin son istifadə tarixinə baxmadan alır.
AZƏRTAC xəbər verir ki, həkim-kosmetoloq Günay Mikayılovanın dediyinə görə, belə məhsullardan istifadə qarşısıalınmaz problemlərə səbəb ola bilər: “Dəridə bir çox irinli-iltihablı proseslər baş verə bilər. Zaman keçdikcə kosmetik vasitələrin hava ilə təması baş verdikdə içində olan konservantlar kimyəvi struktura malik olduğuna görə bakterial flora artmağa başlayır”.
Xanımların yol verdiyi yanlış məqamlardan biri də məhsulun açılmadan əvvəl istifadə müddəti ilə bitmə tarixini qarışdırmaqdır: “Dəri çox zərif olduğuna görə ona tətbiq edilən vasitələrin də keyfiyyətli olmasına fikir vermək lazımdır. Ona görə də hansı kosmetik vasitə olur-olsun istifadə edilməməli, mütləq üzərində bitmə tarixi əks olunan kosmetik vasitələr tətbiq olunmalıdır. Lakin bir məsələni də unutmaq lazım deyil. Kosmetik vasitənin üzərində göstərilən tarix qapalı olduğu halda keçərlidir. Məsələn, krem açılan andan bitmə tarixi azalmağa başlayır. Ona görə də tanınmış brendlərin istehsal etdiyi kremlərin qapağının üzərində rəqəmlər göstərilir və qapaq açılandan sonra həmin rəqəm onun neçə ay yararlı olduğunu bildirir”, – deyə həkim-kosmetoloq qeyd edib.
Qeyd etmək lazımdır ki, orqanik məhsulların istifadə müddəti altı aydan az olur. Ona görə də həmin kosmetik vasitələri alarkən xüsusilə diqqətli olmaq lazımdır.