Yaqut Qarayeva: Ehtiyac yaranarsa, azyaşlı uşaqların COVID-19 əleyhinə peyvəndlənməsinə başlanıla bilər

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) pandemiyasının başladığı vaxtdan bu günə qədər virusdan ölüm hallarında artım müşahidə olunmayıb. Buna baxmayaraq, hər xəstənin itkisi bizim üçün problem olaraq qəbul olunmalıdır. Ümumiyyətlə koronavirusa yoluxma dinamikası prosesi qiymətləndirmək üçün hansısa fakt olmamalıdır. Xəstəliyin müşahidə və müalicəsində hər zaman inkişaf olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

Y.Qarayeva bildirib ki, təkcə koronavirus xəstəliyinin deyil, digər xəstəliklərin də müalicəsində antibiotiklərdən həkimlərin təyinatı olmadan istifadəsi qəti qadağandır: “Antibiotik vitamin preparatı deyil. Bu gün vaksinlərin əks təsirləri ilə bağlı narahatlıqlar var. Nəzərə almaq lazımdır ki, antibiotiklər də dərman preparatıdır. Yəni, onlarında yan və əks təsirləri var. Antibiotikləri ev şəraitində, həkim təyinatı olmadan qəti şəkildə istifadə etmək olmaz. Bu, xüsusən uşaqlar üçün çox təhlükəlidir”.

Mütəxəssis qeyd edib ki, Səhiyyə Nazirliyinin verdiyi qərara əsasən, 12 yaşdan yuxarı uşaqlarda xüsusi göstərişlər olduğu təqdirdə valideynlərin razılığı ilə onların vaksinasiya olması mümkündür: “Uşaqların vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir. Bundan əlavə, biz Ümumdünya Səhiyyə Təşkilatlarının və başqa beynəlxalq təşkilatların məlumatlarını izləyirik. Eyni zamanda, bizim üçün vaksin preparatlarının istehsalçılarının verdiyi tövsiyələr də olduqca önəmlidir. Həmin tövsiyələrə əsaslanaraq ölkədə də koronavirusla bağlı qərarlar qəbul edilir. Bu gün Azərbaycanda hələlik 12 yaşdan yuxarı uşaqların vaksinasiyası mümkündür, lakin gələcəkdə ehtiyac olarsa, müvafiq qərarlar qəbul olunaraq daha azyaşlı uşaqların da peyvəndlənməsi həyata keçirilə bilər”.