“Yanlış istifadənsə, istifadə etməmək daha məqsədəuyğundur” – pediatr süni intellektlə bağlı xəbərdarlıq etdi
Son illərdə süni intellekt texnologiyalarının səhiyyədə tətbiqi uşaq sağlamlığı sahəsində də genişlənməkdədir. Valideynlər müxtəlif süni intellekt əsaslı tətbiqlər və platformalar vasitəsilə uşaqlarda rast gəlinən simptomlar, qidalanma rejimi, inkişaf mərhələləri və mümkün xəstəliklər barədə sürətli məlumat əldə edirlər. Bu texnologiyalar bəzi hallarda valideynlərin daha diqqətli olmasına və vaxtında həkimə müraciət etməsinə kömək edir.
Bununla yanaşı, mütəxəssislər bildirir ki, süni intellektin pediatriyada nəzarətsiz və yanlış istifadəsi ciddi risklər yarada bilər. Uşaqların orqanizmi böyüklərdən fərqli olduğundan, simptomların düzgün qiymətləndirilməməsi ağır fəsadlara səbəb ola bilər. Süni intellekt sistemləri isə çox zaman ümumi məlumatlara əsaslanır və uşağın fərdi xüsusiyyətlərini, əvvəlki xəstəlik tarixçəsini və ya gizli risk faktorlarını nəzərə almaya bilər.

Süni intellekt valideynlər üçün cəlbedici informasiya mənbəyinə çevrilir
Xarici mediada yayılan məlumatlara görə, bəzi ölkələrdə valideynlərin süni intellekt əsaslı tibbi platformalardan aldıqları səhv tövsiyələrə güvənməsi nəticəsində uşaqların vaxtında həkimə çatdırılmaması halları qeydə alınıb. Mütəxəssislər qeyd edir ki, bu cür hallarda xəstəliyin ilkin mərhələdə aşkarlanması mümkün olsa da, süni intellektə həddindən artıq etibar gecikmiş tibbi müdaxiləyə və sağlamlıq problemlərinin ağırlaşmasına səbəb olub.
Pediatriya.az saytına açıqlamasında həkim Nərmin Əzizova bildirib ki, son zamanlar valideynlərin süni intellektdən aldıqları tövsiyələrə əsaslanaraq özbaşına müalicəyə başlaması halları artıb. Onun sözlərinə görə, bəzi valideynlər uşaqlarda yüksək hərarət, öskürək və ya allergik əlamətləri süni intellekt tətbiqlərinin yönləndirməsi ilə ev şəraitində müalicə etməyə çalışır, nəticədə isə xəstəlik ağırlaşaraq gecikmiş şəkildə tibb müəssisəsinə müraciət olunur.
Həkim qeyd edib ki, xüsusilə antibiotiklərin və hormonal preparatların yanlış istifadəsi uşaqlarda immun sisteminin zəifləməsinə, allergik reaksiyalara və uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər. “Süni intellekt valideynlər üçün maarifləndirici vasitə ola bilər, lakin o, pediatr müayinəsini və həkim qərarını heç vaxt əvəz etməməlidir,” – deyə Nərmin Əzizova vurğulayıb.
Onun sözlərinə görə, süni intellekt sistemlərinin verdiyi tibbi tövsiyələrin etibarlılığı birbaşa onların istifadə etdiyi məlumat bazalarından asılıdır. Belə ki, bu sistemlərdə toplanan məlumatların bir hissəsi insanların internetdə paylaşdığı materiallar əsasında formalaşır və bəzi hallarda həmin məlumatlar heç bir tibbi təhsili olmayan və ya yetərli tibbi biliyə sahib olmayan şəxslər tərəfindən yayımlanır. Bu isə yanlış və təsdiqlənməmiş informasiyalara əsaslanan tövsiyələrin yaranmasına səbəb ola bilər.

Pediatrlar nəzarətsiz istifadənin uşaq sağlamlığı üçün risklər yaratdığını bildirir
Sonda həkim Nərmin Əzizova bir daha vurğulayıb ki, internetin, bəzi hallarda sosial şəbəkələrin və süni intellekt texnologiyalarının səhiyyə sahəsində çoxsaylı müsbət cəhətləri mövcuddur. Onun sözlərinə görə, bu platformalar maarifləndirmə və məlumatlandırma baxımından faydalı olsa da, oxunan və əldə edilən məlumatlar yalnız nəzərə alınmalıdır. Heç bir halda bu məlumatlar diaqnozun qoyulması və ya müalicə üsulunun seçilməsi üçün əsas və rəhbər rol oynamamalıdır.
Həkim əlavə edib ki, bəzi hallarda süni intellekt və internet resurslarından yanlış istifadə etməkdənsə, ümumiyyətlə istifadə etməmək daha məqsədəuyğun ola bilər. Onun fikrincə, xüsusilə uşaq sağlamlığı ilə bağlı məsələlərdə tibbi qərarlar yalnız həkim müayinəsi və peşəkar rəy əsasında verilməli, rəqəmsal texnologiyalar isə bu prosesdə yalnız köməkçi vasitə kimi dəyərləndirilməlidir.