Uşaqlarda Yad Cisim Udulması – Valideynlər Üçün Vacib Məlumatlar. Həkim Nərmin Əzizova

Niyə uşaqlar yad əşya udurlar?

Kiçik yaşlı uşaqlar (xüsusilə 6 ay – 4 yaş arası) dünyanı tanımaq üçün hər şeyi ağızlarına aparırlar. Bu təbii instinkt, bəzən təhlükəli nəticələrə – yad cismin udulmasına səbəb ola bilər. Ən çox udulan əşyalar:

  • Fındıq, kişmiş, qoz;
  • Kiçik oyuncaqlar və hissəciklər;
  • Batareyalar, maqnitlər;
  • Pul, muncuq, sancaqlar və sair.

Statistika göstərir ki, yad cismin udulması uşaqlarda baş verən qəfil ölümlərin ilk 5 səbəbi arasındadır.

Uşaqlar yad cismi udduqda nə baş verir?

Yad cisim iki istiqamətə gedə bilər:

  1. Qida borusuna – mədə-bağırsaq sisteminə düşər;
  2. Nəfəs borusuna – bu isə daha təhlükəlidir və boğulmaya səbəb ola bilər.

Qida borusuna düşən yad cisimlər

Əksər hallarda (90-95%) yad cisimlər təhlükəsiz şəkildə bağırsaqlardan keçərək nəcislə çıxır.

Lakin, bəzi hallarda aşağıdakı əlamətlər yaranır:

  • Udma çətinliyi;
  • Tüpürcəyin artması;
  • Qusma, boğaz və döş qəfəsində ağrı;
  • Səbəbi bəlli olmayan qızdırma.

Radiopak (rentgendə görünən) əşyalar diaqnostikada kömək edir.

Müdaxilə növləri:

  • Endoskopik çıxarılma;
  • Konservativ izləmə (əgər təhlükə yoxdursa);
  • Cərrahi əməliyyat (əgər cisim böyükdürsə, perforasiya və ya obstruksiya varsa).

Tənəffüs yoluna düşən yad cisim – aspirasiya

Bu hal ən təhlükəli olanıdır!

Əlamətlər:

  • Öskürək, öyümə;
  • Xırıltılı nəfəs, nəfəs çatışmazlığı;
  • Göyərmə, səsin batması, boğulma;
  • Qanlı öskürək və ya huşun itməsi.

 Xüsusilə batareya, maqnit və toksik maddələr udulduqda dərhal tibbi yardım göstərilməlidir!

Ev şəraitində nə etmək olar?

  • Uşaq nəfəs ala bilmirsə və göyərirsə – dərhal 103-ə zəng edin!
  • Görünən cismi ağızdan ehtiyatla çıxarın.
  • 1 yaşdan kiçikdirsə – uşağı diz üstünə üzüaşağı qoyub belinə 5 dəfə vurun.
  • 1 yaşdan böyükdürsə – Heimlich manevri tətbiq edin (qarına qəfil təzyiq).
  • Ancaq bu müdaxilələri çox ehtiyatla və düzgün taktika ilə edin!

Burun və qulaqda yad cisim

Uşaqlar bəzən kağız, noxud, oyuncaq hissələri kimi əşyaları burunlarına və ya qulaqlarına yerləşdirirlər. Bu zaman:

  • Pis qoxulu axıntı;
  • İnfeksiya və ağrı;
  • Qulaqda səs azalması və ya qıcıqlanma ola bilər.

Mütləq həkim müdaxiləsi vacibdir.

Qarşısını necə almaq olar?

Uşaqlarınızın təhlükəsizliyi üçün bu qaydalara əməl edin:

  1. Uşağı yeməkdən sonra tək qoymayın;
  2. Qoz, badam kimi qidaları nəzarətlə verin;
  3. Oyuncaqların kiçik hissələrinin olmamasına diqqət edin;
  4. Batareyalar və maqnitləri uşaqdan uzaqda saxlayın;
  5. Muncuq, qəpik və digər xırda əşyaları uşağın yaxınlığında saxlamayın;
  6. Dərmanları uşaq əlinin çatmadığı yerdə saxlayın;
  7. Uşaq yad əşya udduqda panikaya düşməyin – düşünülmüş şəkildə hərəkət edin;
  8. Uşaqlara uyğun, təhlükəsiz mühit yaradın.

Nəticə olaraq:
Yad cismin udulması və ya aspirasiya uşaqlarda qəfil və həyati təhlükə yarada bilən bir vəziyyətdir. Erkən müdaxilə, düzgün davranış və qabaqlayıcı tədbirlər bu riskin qarşısını almaqda əsas rol oynayır.

Nərmin ƏZİZOVA

Pediatriya.az saytının təsisçisi