Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı yeni layihənin icrasına başlanılıb

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Autizm Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində məişət zorakılığının profilaktikası və bu kimi ailələrdə sosial rolların düzgün bölüşdürülməsinin təşviq edilməsi” layihəsinin icrasına başlayıb.

AZƏRTAC Azərbaycan Autizm Assosiasiyasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, cari ilin fevralın 1-dən iyunun 1-nə kimi icra ediləcək layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verməsi mümkün ola bilən məişət zorakılığı hallarının profilaktikasına və valideynlər arasında sosial rolların düzgün bölüşdürülməsinə nail olmaqdır. Müəyyən olunan məqsədə çatmaq üçün layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verən zorakılıq halları öyrəniləcək və onların qarşısının alınması yolları araşdırılacaq, həmin kateqoriyadan olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində və ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların təşviq edilməsi üçün maarifləndirmə tədbirləri keçiriləcək.

Layihənin icra qrupu xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində, ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların bərqərar olunması barədə metodik tövsiyə nəşr etdirəcək.

Eyni zamanda layihənin hədəf qrupları üçün xüsusi qayğıya ehtiyacı olan şəxslərin bölgüsünə uyğun olaraq 4 mövzuda tematik təlimlər keçiriləcək və həmin şəxslərin ailələrində reabilitasiya işinin düzgün aparılması üçün psixoloji dəstəyə ehtiyacı olan ən azı 100 nəfər valideynə psixoloji məsləhətlər veriləcək.

Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı işləyən qeyri-hökumət təşkilatları, özəl mərkəzlər və müəssisələrlə sıx əməkdaşlıq təşkil olunacaq.