Xəstənin ayağındakı taxta parçası 63 il sonra çıxarılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında həkimlər daha bir uğurlu əməliyyat icra ediblər. Belə ki, bundan 63 il əvvəl xəstənin bədəninə girən yad cismi aşkarlamaq mümkün olub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu barədə klinikanın ürək-damar cərrahiyyəsi şöbəsinin həkimi, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü, professor Məhəmməd Kərimov məlumat verib.

Professorun sözlərinə görə, xəstə üç yaşında olarkən yanan təndirə düşüb və bunun nəticəsində bədəni geniş və dərin yanıq travması alıb. Bundan sonra onun üzərində çoxsaylı cərrahi əməliyyatlar aparılaraq həyatı xilas edilib: “Lakin son 20 ildir ki, xəstəni sol baldırda olan və bu günə qədər sağalmayan trofiki xoralar onu çox narahat edirdi. Dünyanın müxtəlif ölkələrində müalicə almasına baxmayaraq xoranı sağaltmaq mümkün olmayıb. Son olaraq Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinə müraciət edən xəstəyə baxış zamanı bir-birinə yaxın yerləşmiş xoraların dibinin eyni rəngdə, eyni xarakterdə olan çox qalın ərplə örtüldüyü müəyyən edilib. Şübhə oyadan bu halın sonrakı müayinələr zamanı yad cisim olması qənaətinə gəldik”.

Əməliyyat zamanı doğrudan da xoraların dibində yad cisim aşkarlanıb. Məlum olub ki, 63 il əvvəl yanan təndirə düşəndə xəstənin ayağına batan taxta parçası (10+2 sm) hələ də orada qalıb.

Əməliyyatdan bir həftə sonra müayinə zamanı xoraların təmizləndiyi, sağlam qranulyasion toxumanın inkişaf etdiyi müşahidə olunub. Pasiyent dözülməz ağrılar, ağrıkəsicilər və gündəlik sarğılardan xilas olub.

 

AZƏRTAC