Xəstələrə yazılan dərmanların əlavə təsirlərini klinikalar da araşdıracaq

Azərbaycanda dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti gücləndirilir. Bu məqsədlə bütün müalicə-profilaktika müəssisələri də xəstələrə yazılan dərmanlarla bağlı problemlərin aşkarlanması üçün nəzarət işləri həyata keçirəcəklər.

Trend-in məlumatına görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna yeni əlavələr edilir.

Qanuna təklif edilən yeni əlavəyə əsasən, dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkildə istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq, farmakonəzarət üzrə işləri həyata keçirən bu sahə üzrə məsul şəxs təyin edəcək.

Müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri, dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin əlavə təsirləri və digər əlaqədar problemləri barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

Yeni dəyişikliklər layihəsinə görə, farmakonəzarət dərman vasitələrinin əlavə təsirlərinin və dərman vasitələri ilə əlaqəli digər problemlərin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində aparılan fəaliyyət və elmi tədqiqatdır.

Qanuna təklif edilən bu dəyişikliklər Milli Məclisin mayın 18-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavii Musa Quliyev Trend-ə bildirib ki, “Dərman vasitəsi haqqında” qanuna təklif edilən yeni əlavə ilə dərmanın keyfiyyətinə nəzarət edən tərəflərin sayı artırılır və bu tərəflərin sırasına özəl, dövlət səhiyyə müəssisələri də əlavə edilir:

“Dərman vasitəsi ilk növbədə təhlükəsiz, ikinci növbədə isə effektiv olmalıdır. Buna görə də farmokonəzarətin olması çox vacibdir. Hazırkı qanunla farmokonəzarəti Səhiyyə Nazirliyi, dərmanı satan şirkət həyata keçirir. Biz icra hakimiyyəti orqanlarının göstərişi, Səhiyyə Nazirliyinin məktubu əsasında üçüncü tərəf olaraq, dərmanı işlədən özəl və dövlət səhiyyə müəssisələrini də farmokonəzarət işinə cəlb edirik. Həmin müəssisələrin rəhbərlərinə də tapşırıq veriləcək ki, onların məsul bir əməkdaşı istifadə etdikləri dərmanların effektinin, əlavə təsirlərinin necə olmasına nəzarət etsin. Məsələn, hansı dərman xəstələrə yazılanda onun müalicə effekti zəif, yaxud yaxşı olur. Onlar bu məlumatların qeydiyyatını ayda, rübdə, yaxud yarım ildə 1 dəfə apararaq bu barədə Səhiyyə Nazirliyinə məlumat verəcəklər və bildirəcəklər ki, bu dərmanın bu partiyası xəstələrdə effekt vermir, yaxud bu dərman işlədilərkən xəstələrin əksəriyyətində allergiya yaranır, onların səhhətində ağırlaşma baş verir”.

M.Quliyev bildirib ki, belə məlumatların əsasında yaxşı effektə malik olmayan dərmanlar sıradan çıxarılacaq: “Bunun nəticəsində indiyədək farmakonəzarət ikiqat idisə, indi artıq üçqat nəzarət olacaq”.

 

Trend