Xərçəng zamanı immun cavabını gücləndirən ÜSUL
Yel Universitetinin alimləri müəyyən ediblər ki, MIF zülalının bloklanması orqanizmin xərçəng şişlərinə qarşı immun cavabını gücləndirə bilər.
Oxu.Az bildirir ki, bu barədə məlumat “JCI Insight” jurnalında dərc edilən tədqiqatda yer alıb.
Alimlər MIF zülalını (makrofaq miqrasiyasını inhibe edən faktor) öyrəniblər. Normalda o iltihabın tənzimlənməsində iştirak edir, lakin xərçəng zamanı MIF anadangəlmə immuniteti – orqanizmin anormal hüceyrələrə birinci cavabını – basdırır və T-hüceyrələrinin şişə hücum etməsinə mane olur.
Bu, artıq klinik praktikada tətbiq olunan PD-1 preparatları (pembrolizumab, nivolumab, semiplimab) kimi nəzarət nöqtələrinin inhibitorlarının işini çətinləşdirir.
Alimlər təxmin ediblər ki, MIF-in bloklanmasının T-limfositlərinin aktivləşdirilməsi ilə kombinasiyası şişə qarşı immun cavabını gücləndirə bilər.
Melanoma və bağırsaq xərçəngi olan heyvanlar üzərində aparılan təcrübələrdə belə kombinə terapiya daha effektiv olduğunu göstərib: şişlər daha səmərəli azalıb və daha yavaş böyüyüb, heyvanlar isə hər bir metodun ayrılıqda tətbiqindən daha uzun yaşayıb.